Naxçıvanda kibercinayətkarlıq artır: Saxta linklər vətəndaşları necə aldadır?

Naxçıvanda kibercinayətkarlıq artır: Saxta linklər vətəndaşları necə aldadır?

19 Mart 2026

Kibercinayətkarlar fişinq linkləri, saxta elanlar və sosial media səhifələri vasitəsilə istifadəçiləri aldatmağa davam edir. Xüsusilə mobil tətbiqlər və onlayn alış-veriş zamanı diqqətli olmaq tövsiyə olunur.

Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Elvin Zeynalov məlumat verib. O bildirib ki, dələduzluq və oğurluqla yanaşı, kiberdələduzluq və kiberoğurluq halları həm Azərbaycanda, həm də muxtar respublikada geniş yayılıb.

Qeyd olunub ki, kibercinayətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində ayrıca, 30-cu fəsildə təsbit edilib. Bu kateqoriyaya kompüter sistemlərinə qanunsuz müdaxilə, sistemlərin ələ keçirilməsi, onlayn qumarın təşkili, vətəndaşların kimlik və bank kartı məlumatlarının oğurlanması kimi əməllər daxildir.

Elvin Zeynalovun sözlərinə görə, cinayətkarlar son dövrlərdə saxta onlayn platformalar yaradaraq vətəndaşların şəxsi məlumatlarını, xüsusilə bank kartı hesablarını ələ keçirir və bununla külli miqdarda maddi zərər vururlar. Bəzi hallarda isə vətəndaşların öz razılığı ilə – aldadılaraq verdikləri məlumatlar onların həyat və əmlak təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Mütəxəssis vətəndaşlara bank adından edilən zənglərə, saxta profillərdən gələn yardım müraciətlərinə qarşı ehtiyatlı olmağı tövsiyə edib. Bildirilib ki, naməlum linklərə daxil olmamaq, bank kartı məlumatlarını üçüncü şəxslərlə paylaşmamaq və iki mərhələli təhlükəsizlik sistemlərindən istifadə etmək vacibdir.

Vurğulanıb ki, kibercinayətlə üzləşən şəxslər dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Vaxtında edilən müraciət həm zərərin qarşısının alınmasına, həm də cinayətkarların operativ şəkildə aşkarlanmasına imkan yaradır.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov