Şərurda dönərxanada ciddi nöqsanlar aşkarlanıb -

Şərurda dönərxanada ciddi nöqsanlar aşkarlanıb - FOTO

19 Mart 2026

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şərur şəhəri, M.Müşfiq küçəsində yerləşən “Yaşıl bazar” ərazisində fəaliyyət göstərən Abbasov Bəylər Teymur oğluna məxsus dönərxanada aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  1 işçinin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, temperatur rejiminə əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı məlum olub. Həmçinin qida məhsullarının yuyulması üçün istifadə edilən yuma çanağının müvafiq qaydada axar isti su ilə təmin edilmədiyi, dönərçinin xüsusi geyim formasının olmadığı, işçi heyətin dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, xaricə açılan pəncərə və qapıda həşəratların daxilə keçməsinin qarşısını alan və təmizləmə zamanı asanlıqla çıxarılan qoruyucu tor örtüklə təmin olunmadığı aşkarlanıb.

Nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və dönərxanada çalışan 1 nəfər işçi dövri tibbi müayinədən keçmədiyi üçün müvafiq məhdudlaşdırıcı qərar qəbul edilib. Bu kimi halların baş verməməsi məqsədilə agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektlərində maarifləndirilmə tədbirləri aparılıb və müvafiq göstərişlər verilib. Tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.