Ordubadda dönərxanada ciddi nöqsanlar aşkarlandı -

Ordubadda dönərxanada ciddi nöqsanlar aşkarlandı - FOTO

17 Mart 2026

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən Orucov Turac Yəmən oğluna məxsus dönərxanada planlı yoxlama aparılıb.

“NAXÇIVANXƏBƏRLƏRİ”-nin məlumatına görə, yoxlama zamanı obyektə aid bir sıra ciddi nöqsanlar aşkarlanıb. Belə ki, kanalizasiya qurğularının çirklənmə riskinin qarşısını alacaq vəziyyətdə qurulmadığı, divar səthlərinin aparılan fəaliyyətə uyğun olaraq hamar və dezinfeksiyaedici maddələrə davamlı olmadığı müəyyən edilib.

Bundan əlavə, qida ilə təmasda olan alət və avadanlıqların yuyulması üçün ayrıca yuma çanaqlarının olmadığı, həmçinin temperatur rejiminə əməl olunmadığı da aşkarlanıb.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün sahibkara müvafiq göstərişlər verilib və onun barəsində inzibati protokol tərtib olunub.

Agentlikdən bildirilib ki, bu kimi halların qarşısının alınması məqsədilə qida obyektlərində mütəmadi nəzarət tədbirləri davam etdirilir, sahibkarlarla maarifləndirici işlər aparılır və istehlakçı hüquqlarının qorunması istiqamətində zəruri addımlar atılır.