Məktəblilərin yazdığı məktublar sərhədçilərə çatdırıldı - FOTO
Vətənpərvərlik ruhunun təbliği və gənc nəslin dövlət sərhədlərinin keşiyində dayanan hərbi qulluqçulara mənəvi dəstəyinin gücləndirilməsi məqsədilə “Qubadlı” əlahiddə sərhəd diviziyasında “Əsgər qardaşıma məktub” layihəsi üzrə tədbir keçirilmişdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində Qazax rayonu Səməd Vurğun adına tam orta məktəbin 2-ci sinif şagirdlərinin Vətən sərhədlərinin keşiyində qürurla xidmət edən sərhədçilər üçün yazdığı məktublar hərbi qulluqçulara çatdırılmışdır.
Məktəblilərin səmimi duyğularını əks etdirən məktublarda sərhədçilərin Vətən qarşısında yerinə yetirdikləri məsuliyyətli və şərəfli xidmət yüksək qiymətləndirilmiş, onlara göstərdikləri fədakarlığa görə minnətdarlıq ifadə olunmuşdur.
Şagirdlər sərhədçilərə möhkəm cansağlığı, xidmətlərində uğurlar arzulamış, dövlət sərhədlərinin mühafizə və müdafiəsində daim ayıq-sayıq olmalarını arzu etmişlər.
Uşaqların yazdığı səmimi fikirlər, çəkdikləri rəsmlər və xoş arzular hərbi qulluqçular tərəfindən böyük maraq və sevgi ilə qarşılanmışdır.
Sərhədçilər də öz növbələrində məktəblilərin səmimi sözlərinə görə təşəkkürlərini bildirmiş, bu cür diqqət və qayğının onları dövlət sərhədlərinin etibarlı mühafizəsi və müdafiəsində daha böyük məsuliyyət və inamla xidmət etməyə ruhlandırdığını qeyd etmişlər.
Bu kimi təşəbbüslər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə və sərhədçilərin fədakar xidmətinin daha dərindən öyrənilməsinə mühüm töhfə verəcəkdir.
















