Naxçıvanda “Qumdan sənətə” müsabiqəsi keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Qumdan sənətə” adlı qum sənəti müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil olunan müsabiqədə ümumilikdə 15 yeniyetmə iştirak edib. Yarış iştirakçıların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, incəsənətə marağın artırılması və asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.
Müsabiqə zamanı iştirakçılar verilmiş mövzular əsasında qum sənəti üzrə öz bacarıqlarını nümayiş etdiriblər.Təqdim olunan işlər münsiflər heyəti tərəfindən mövzuya uyğunluq, yaradıcılıq yanaşması, təsvirin qurulması və qumla işləmə texnikası meyarları üzrə qiymətləndirilib.
Qiymətləndirməyə əsasən İlyas Novruzov müsabiqənin qalibi olub. Nurgül Quliyeva ikinci, Fidan Dünyamalıyeva isə üçüncü yerə layiq görülüblər. İlk üç yerin sahibləriə diplom və qiymətli hədiyyələrlə təltif olunub, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.












