Naxçıvanda telefon rabitəsinin 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - FOTO
Martın 17-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvanda telefon rabitəsinin yaradılmasına həsr olunmuş “Bir əsrlik səs: Naxçıvanda telefon rabitəsinin 100 illiyi” adlı yubiley tədbiri keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Naxçıvan Dövlət Texniki Kollecində davam edən tədbirdə dövlət qurumlarının rəhbərləri, rabitə sahəsinin əməkdaşları və rəqəmsal könüllülər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Vətən uğrunda canından keçmiş şəhidlərin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Naxçıvanda telefon rabitəsinin yaranması və inkişaf tarixini əks etdirən “1926-cı ildən bu günə” adlı videoçarx nümayiş olunub.
Ardınca Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Azər Məmmədrəhimov çıxış edərək rabitə sahəsinin keçdiyi inkişaf mərhələlərindən danışıb. O bildirib ki, 1926-cı ildə qəbul edilən qərar Naxçıvanda müasir rabitə sisteminin formalaşmasının təməlini qoyub. Vurğulanıb ki, son yüz ildə həyata keçirilən yeniliklər, tətbiq olunan müasir texnologiyalar və yaradılan infrastruktur dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, iqtisadi fəaliyyətin genişlənməsinə və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verib.
Nazir müavini qeyd edib ki, hazırda Naxçıvanda rabitə və rəqəmsal xidmətlərin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir və gələcək illərdə innovativ texnologiyaların tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi və müasir xidmətlərin əlçatanlığının artırılması istiqamətində ardıcıl tədbirlər davam etdiriləcək.
Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov rabitə sahəsinin tarixi inkişaf mərhələləri, əldə olunan nailiyyətlər, müasir texnologiyaların tətbiqi və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Çıxışlarda bildirilib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı rabitə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmədə çevikliyin artırılmasına və regionun sosial-iqtisadi inkişafının sürətlənməsinə mühüm təsir göstərir.
Tədbirdə həmçinin rabitə sahəsində uzun illər fəaliyyət göstərmiş əməkdar rabitəçi Səmayə Quliyeva, uzunmüddətli əmək fəaliyyəti ilə seçilən Elbrus Qocayev, eləcə də gənc əməkdaş, İkinci Qarabağ müharibəsinin iştirakçısı Turqay Məhərrəmov çıxış edərək xatirələrini və təəssüratlarını bölüşüblər.
Yubiley münasibətilə rabitə sahəsində uzun illər səmərəli fəaliyyət göstərmiş bir qrup əməkdaş fəxri fərman və hədiyyələrlə təltif olunub.
Tədbirin bədii hissəsində canlı musiqi ifaları səsləndirilib, Nazirliyin əməkdaşı Təhmin Bağırovun ifası təqdim olunub, Naxçıvan Dövlət Texniki Kollecinin “Buta” rəqs qrupu tərəfindən rəqs və musiqi nömrələri nümayiş etdirilib.

















