Naxçıvanda “Bahar festivalı” keçiriləcək
Novruz bayramı münasibətilə martın 20-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Bahar festivalı” adlı bayram şənliyi təşkil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Baharın gəlişini və təbiətin oyanışını simvolizə edən Novruz bayramına həsr olunmuş festivalda xalq artistlərinin və tanınmış müğənnilərin ifasında konsert proqramları təqdim ediləcək, muxtar respublikanın musiqi və folklor kollektivlərinin çıxışları nümayiş olunacaq.
Tədbir çərçivəsində xalq sənət nümunələri, sənətkarların əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunacaq. Festival ərazisində 30-dan artıq sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərəcək, qonaqlara milli mətbəximizin ləziz təamları təqdim ediləcək.
“Bahar festivalı” martın 20-dən başlayaraq bayram günləri ərzində davam edəcək və şəhər sakinləri ilə qonaqlara unudulmaz bayram ovqatı bəxş edəcək.








