Naxçıvanda iki qida obyektində nöqsanlar aşkar edilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhərində fəaliyyət göstərən iki qida obyektində aparılan planlı yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanıb.
“NAXÇIVANXƏBƏRLƏRİ”-nin məlumatına görə, Naxçıvan şəhəri Ə.Əliyev küçəsi ev 72 ünvanında fəaliyyət göstərən Muradova Afilə Qadir qızına məxsus “Nəsimi-M” çörək emalı müəssisəsində aparılan yoxlama zamanı sanitariya və gigiyena qaydalarının pozulduğu müəyyən edilib. Belə ki, obyektin döşəmə, divar və tavan səthlərinin tamlığının pozulduğu, giriş qapısı və xaricə açılan pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, əllərin yuyulması üçün sahələrin müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları ilə təchiz olunmadığı aşkarlanıb.
Bundan başqa, müəssisədə dezinfeksiya işlərinin aparılmadığı, birdəfəlik nəzərdə tutulan qablardan təkrar istifadə olunduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanılması üçün xüsusi yerlərin təşkil edilmədiyi müəyyən olunub. Həmçinin tullantıların ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə, tullantılar üçün ayrılmış xüsusi qablarda saxlanılmadığı da aşkar edilib.
Agentliyin əməkdaşları tərəfindən Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 5A ünvanında fəaliyyət göstərən Zeynalov Şükür Abbas oğluna məxsus kafedə aparılan planlı yoxlama zamanı da bir sıra nöqsanlar müəyyən olunub. Belə ki, mətbəxdə divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu məlum olub.
Yoxlama zamanı soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan altlıqların təmiz saxlanılmadığı, dezinfeksiya işlərinin aparılmadığı və sənədləşdirilmədiyi də müəyyən edilib.
Hər iki obyekt üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün sahibkarlara müvafiq göstərişlər verilib, onların barəsində inzibati protokollar tərtib olunub.
Agentlikdən bildirilib ki, bu kimi halların baş verməməsi məqsədilə qida obyektləri mütəmadi olaraq maarifləndirilir və müvafiq göstərişlər verilir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir, aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.











