Naxçıvanda qida obyektlərində nöqsanlar aşkarlanıb -

Naxçıvanda qida obyektlərində nöqsanlar aşkarlanıb - FOTO

16 Mart 2026

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi ev 50 ünvanında fəaliyyət göstərən Quliyev Elman Səttar oğluna məxsus “Ukrayna” restoranında aparılan planlı yoxlama zamanı nöqsanlar aşkar edilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mətbəxdə döşəmə, divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, birdəfəlik nəzərdə tutulan qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, soyuducunun rəflərinin korroziyaya uğradığı, soyuducuda mal qonşuluğu prinsipinə əməl olunmadığı aşkarlanmışdır. Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkar barəsində inzibati protokol tərtib olunmuşdur.

Bundan əlavə, Agentlik tərəfindən Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Hüseynov İlham Abbasqulu oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı da ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, divar və tavan səthlərinin tamlığının pozulduğu, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlərin təşkil edilmədiyi, iş prosesi zamanı əmələ gələn tullantılar (qida tullantıları) ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən paketlərdə tullantılar üçün ayrılmış qablarda saxlanılmadığı, birdəfəlik nəzərdə tutulmuş qablaşdırma vasitələrindən təkrar istifadə olunduğu, qida məhsulları ilə təmasda olan taxta altlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı və sənədləşdirilmədiyi, əllərin yuyulması üçün sahələr müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları ilə təchiz olunmadığı aşkarlanmışdır.

Hər iki obyekt üzrə aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş, sahibkarlar barəsində inzibati protokol tərtib olunmuşdur. Bu kimi halların baş verməməsi məqsədilə Agentlik tərəfindən mütəmadi olaraq bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir.

Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.