Bilyard üzrə Naxçıvan birinciliyinin qalibi bəlli olub -

Bilyard üzrə Naxçıvan birinciliyinin qalibi bəlli olub - FOTO

02 Mart 2026

Fevralın 28-dən martın 1-dək Naxçıvan şəhərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş bilyardın qarışıq piramida növü üzrə muxtar respublika birinciliyi keçirilib. “Uğur” Bilyard Salonunda təşkil olunan yarışda 17 iştirakçı mükafatlar uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, final görüşündə rəqibini ümumi hesabda 5:2 hesabı ilə məğlub edən Ramazan Əliyev birinciliyin qalibi olub. Allahverdi Mustafazadə ikinci, Loğman Babayev və Sərxan Vəlizadə isə üçüncü yerləri tutublar.

İlk üç yerin sahiblərinə diplom, medal və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Uğur” Bilyard Salonunun birgə təşkilatçılığı ilə keçirilən yarış regionda bilyard idman növünün inkişafı, oyunçular arasında təcrübə artımı və rəqabət mühitinin gücləndirilməsi məqsədinə xidmət edib.