Elmin işığında yanan bir ömür
Elm bir ağac kimidir. Onun kökü bəzən torpağın dərin qatlarında, acı suların içində gizlənir, amma bu ağacın meyvəsi həm şirin, həm də nurludur. O meyvədən dadan insan fərqlənir, böyüyür, unudulmaz olur. Elmli insan təkcə öz dövrünün deyil, gələcək nəsillərin də işığına çevrilir. O, cismani baxımdan bu dünyadan ayrılsa belə, düşüncəsi, ideyası, yaratdığı dəyərlər insanlığın yaddaşında yaşayır. Azərbaycan tarixində elə şəxsiyyətlər vardır ki, onlar bu torpağın elmini, mədəniyyətini, düşüncə aləmini öz zəkaları ilə nurlandırıblar. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Şəfiqə Axundova, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə... Bu adların hər biri bir okeandır, üzərində elmin gəmiləri üzür, dərinliklərində fikir inci kimi parlayır. Onların əsərləri bir yaylaq kimidir — hər söz bir çiçək, hər fikir bir qoxu, hər sətir bir nəfəsdir.
Bu elmi, mənəvi və yaradıcılıq ənənəsinin parlaq davamçılarından biri də Azərbaycan kimya elminin şahzadəsi, milli elmin qürur siması Yusif Məmmədəliyev idi. O, yalnız laboratoriyalarda deyil, millətin yaddaşında da təcrübələr aparırdı. Onun həyatı elmin işığında yanmaq, xalqı üçün parlayaraq tükənmək nümunəsi idi.
Yusif Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoymuşdur. Bu, yalnız fərdi nailiyyət deyil, həm də Azərbaycan elmi üçün mühüm hadisə idi, çünki Məmmədəliyev kimi alimlər milli elmin simasını formalaşdırır, onu beynəlxalq elmi səviyyəyə yüksəldirdilər.
Azərbaycan SSR Elmlər Akademiyası yarandıqdan sonra Yusif Məmmədəliyev Neft İnstitutuna rəhbərlik etmiş və bu sahədə bir çox elmi yeniliklərə imza atmışdır. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar Azərbaycanı neft-kimya elminin aparıcı mərkəzlərindən birinə çevirmişdir. 1951-1954-cü illərdə o, Elmlər Akademiyasının Fizika, Kimya və Neft bölməsinin akademik-katibi kimi fəaliyyət göstərmiş, 1954–1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır. Bu illər ərzində o, təkcə bir alim və rəhbər kimi deyil, həm də elmə inanan, gəncləri elm yoluna səsləyən bir müəllim, bir maarif fədaisi kimi yadda qalmışdır.
Yusif Məmmədəliyev təkcə Azərbaycan elmi üçün deyil, ümumilikdə bəşər kimya elmi üçün böyük bir hadisə idi. Onun elmi baxışları, kimyaya yanaşma tərzi və nəzəriyyəni praktik tətbiqlərlə birləşdirən ustalığı elm tariximizdə yeni bir səhifə açdı. O, elmin quru formullarını həyatla, insanla, praktik fayda ilə birləşdirirdi.
İkinci Dünya müharibəsi illərində, ölkə ən ağır sınaqlardan keçərkən Yusif Məmmədəliyevin elmi biliyi xalq və dövlət üçün həyati əhəmiyyət daşıyırdı. O illərdə neft və onun törəmələri müharibənin “qanı” sayılırdı, çünki hər texnika, hər mühərrik, hər silah bu enerjidən qidalanırdı. Məhz həmin dövrdə Məmmədəliyev və onun elmi məktəbi neftin emalı, onun yeni məhsullarının alınması istiqamətində mühüm ixtiralara imza atdılar. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində yüksək oktanlı benzinin alınması üsulu işlənib hazırlandı. Bu kəşf təkcə elmi nailiyyət deyildi, həm də cəbhədə döyüşən əsgərlərin arxasındakı görünməz zəfərin bir hissəsi idi. Yusif Məmmədəliyev elmi laboratoriyanı bir növ döyüş meydanına çevirmişdi, silah əvəzinə sınaq şüşələrini, güllə əvəzinə kimyəvi düsturları işlədir, elmi ilə müharibəyə xidmət edirdi. O, sübut etdi ki, elm yalnız masa arxasında deyil, həm də vətən üçün ön cəbhədədir.
Elmi ilə xalqına dayaq olan, ağlı ilə ordunun gücünə çevrilən alimlərdən biri idi Yusif Məmmədəliyev. Onun adı o illərin qəhrəmanlıq salnaməsində silahsız, amma ən güclü döyüşçülər sırasında yazıldı. Məmmədəliyevin elmi ixtiraları və tətbiqləri Azərbaycan elmini dünya miqyasında tanıtdı. O, tədqiqatlarının nəticələrini yalnız nəzəri şəkildə deyil, praktiki istehsalatda da həyata keçirdi. Onun rəhbərliyi ilə yaradılan yeni texnologiyalar sonrakı onilliklərdə neft-kimya sənayesinin inkişafına təməl oldu. Yusif Məmmədəliyev elmi təkcə maddənin çevrilməsi deyil, həm də xalqın taleyinin dəyişməsi kimi görürdü. Onun üçün elm insanın ağlının deyil, həm də vicdanının məhsulu idi. O, elm yolunda öz ömrünü işıq kimi yandırdı, amma həmin işıq bu gün də sönmür.
Akademik Yusif Məmmədəliyev ölkəmizdə elm təşkilatçılığında da böyük rol oynayıb. O, Elmlər Akademiyasının prezidenti, universitetin rektoru işləyərkən də Azərbaycan elminin böyük təşkilatçısı olub. 1945-ci ildə Azərbaycanda Elmlər Akademiyası yaranarkən Yusif Məmmədəliyev Elmlər Akademiyasını təsis edən 15 görkəmli şəxsiyyətlərdən biri olub. Azərbaycanın ilk akademikləri olan Mirəsədulla Mirqasımov, Mustafabəy Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla birlikdə Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının təsisçisi olub. Elmlər Akademiyası təşkil olunandan cəmi iki il sonra Yusif Məmmədəliyev EA-nın prezidenti seçilib, prezident kimi çox böyük işlər görüb. Məhz onun fəaliyyəti dövründə akademiya nəzdində yeni-yeni tədqiqat institutlarının əsası qoyulub.
Bir qürurverici faktı da diqqətə çatdırmaq lazımdır ki, Yusif Məmmədəliyev təkcə Azərbaycanda yox, o vaxtlar keçmiş Sovet İttifaqında da tanınmış böyük alimi idi və Azərbaycanı layiqincə təmsil edib. 1945-1946-cı illərdə Sovet İttifaqının Neft Sənayesi Nazirliyinin Elmi-Texniki Şurası yaradılanda bu şuraya rəhbərlik Yusif Məmmədəliyevə həvalə olunub. Moskvada böyük bir dövlətin yüksək sənaye kompleksinin elmi-texniki şurasının rəhbərinin azərbaycanlı, Azərbaycan xalqının nümayəndəsi olması təkcə Yusif Məmmədəliyev üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün iftixar hissi doğururdu.
Bütün bu elmi nailiyyətləri və dəyərli kəşflərindən başqa, dahi alimin pedaqoji fəaliyyəti də xüsusi diqqətə layiqdir. Azərbaycan elminin böyük nümayəndələrinin, demək olar ki, hamısı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Bu ənənə təkcə elmi deyil, həm də mənəvi mirasın ötürülməsi baxımından mühüm rol oynamışdır. Elə bu səbəbdəndir ki, bu gün Azərbaycan elm, yaradıcılıq, mədəniyyət və siyasət sahələrində öz sözünü inamla bütün dünyaya deyə bilir. Qabaqcıl alimlərin pedaqoji fəaliyyəti onu göstərir ki, ölkəmizdə elm və təhsilin inkişafı bir-birindən ayrılmaz iki sahə kimi formalaşıb. Azərbaycan təhsilinin möhkəmlənməsində, yeni nəslin elmi düşüncə tərzinin formalaşmasında məhz bu alimlərin əməyinin böyük payı vardır. Onların yaratdığı məktəb, qoyduğu elmi irs və yetişdirdiyi tələbələr bu gün də həmin işığın davamçılarıdır.
Yusif Məmmədəliyev yalnız tədqiqatçı alim kimi deyil, həm də pedaqoq, istiqamət göstərən, düşünən gənclərə elmin cazibəsini aşılayan bir müəllim kimi yadda qalıb. Onun dərslərində elm bir fənn deyil, bir həyat fəlsəfəsinə çevrilirdi. O, gənc alimlərə təkcə bilik deyil, həm də məsuliyyət, vicdan və vətən sevgisi öyrədirdi. Yusif Məmmədəliyevin yetişdirdiyi tələbələr və elmi yetirmələr sonralar öz sahələrində böyük uğurlara imza atmış, müəllimlərinin adını həm elm dünyasında, həm də xalqın yaddaşında şərəflə yaşatmışlar. Onun pedaqoji məktəbi Azərbaycan elminin gələcək nəsillərini formalaşdıran ən möhkəm təməllərdən birinə çevrilmişdir.
Yusif Məmmədəliyev kimya elminin dahisi olsa da, onun yaradıcılıq dünyasında ədəbiyyatın da özünəməxsus yeri vardır. Azərbaycan ədəbiyyatında bir çox ziyalılar və elm adamları olmuşdur ki, onların əsas peşələri elmin müxtəlif sahələrinə aid olsa da, bədii yaradıcılıqları da oxucuların marağına səbəb olmuşdur. Buna misal olaraq Abbas Səhhət, Məhəmmədhüseyn Şəhriyar kimi ədiblərimizi göstərmək olar. Elm və ədəbiyyatın birləşdiyi bu yaradıcı simalar içərisində Yusif Məmmədəliyev də xüsusi yer tutur.
Dahi alimin yaradıcılığında da bədii duyğular, sözə və ədəbiyyata dərin maraq hiss olunur. O, yalnız laboratoriyanın deyil, həm də ruhun, sözün, düşüncənin adamı idi. Onun bədii ədəbiyyata olan marağını, sözə aşiq bir insan olduğunu, “söz yağışında islanmaqdan” zövq aldığını “Etiraf” adlı şeirindən də aydın görmək mümkündür. Bu şeirdə o, insanın daxili aləmini, həyatın mənəvi tərəflərini, elm və ruh arasındakı harmoniya axtarışını incə poetik dillə ifadə etmişdir. Y.Məmmədəliyevin “Etiraf”ı onun elmi dərinliyinin bədii təfəkkürlə necə vəhdət təşkil etdiyini sübut edir. Elə bil, o, mikroskop arxasında maddələrin sirrini açdığı kimi, qələm arxasında da insan ruhunun sirlərinə baş vurur. Bu baxımdan Yusif Məmmədəliyev həm elm, həm də ədəbiyyat aləmində “dünyaya rahatlıq tapmaq üçün gəlmiş” bir böyük şəxsiyyət kimi yadda qalır:
Oxudum Şərqin ustad şairlərini –
Camini, Hafizi, Xəyyamı, Sədini.
Küsdüm taleyimdən, küsdüm dünyamdan,
Nədən şair yaratmadı məni Yaradan?..
Yetirdim əlimi elmin camına,
Düşdüm kimyanın tor girdabına.
Toru doğrayıb aça bilmədim,
Kimya tilsimindən çıxa bilmədim.
Bədii yaradıcılıqla məşğul olan insanlar mütləq ki, incə zövqə malik olurlar. Bu səbəbdən də Yusif Məmmədəliyev muğamlarımızın divanəsi idi. Musiqimizin – aşıq musiqisinin, incəsənətimizin və təbiətimizin vurğunu idi. Musiqi zövqün açarıdır və o humanist insanlara daha tez təsir edir. Y.Məmmədəliyev böyük xeyirxah insan idi. Xeyirxahlıq günəşi hər kəsin daxilində olur. Bu isə o deməkdir ki, Günəş öz nurunu hamıya eyni dərəcədə payladığı kimi humanist insanlar da öz xeyirxahlıqlarını eyni dərəcədə insanlardan əsirgəmirlər. Onun ən gözəl keyfiyyəti insanlara bəslədiyi məhəbbət idi. Xasiyyətində, davranışında ən böyük gözəlliyi hikmətlə dolu sadəliyi, təvazökarlığı idi. Y.Məmmədəliyev gözəl ailə başçısı, səmimi, mehriban və qayğıkeş ata idi. O, övladlarını (3 qızı var idi) milli ruhda tərbiyə edər, gözəl nəsihətlər verərdi.
Cənab İlham Əliyevin 5 iyul 2025-ci il tarixli Sərəncamı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd olunması Prezidentimizin alimə verdiyi qiymətin ən bariz nümunəsidir. Bu Sərəncam görkəmli akademikin 90 illik yubileyi keçirilərkən Ulu Öndər Heydər Əliyevin çıxışını xatırladır: “Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər. Yusif Məmmədəliyevin həyatı, yaradıcılığı, əsərləri və qoyduğu böyük elmi irs Azərbaycan xalqının tarixinin böyük bir fəslidir, hissəsidir, parçasıdır. Bu insan öz zəkası, biliyi, istedadı, fədakarlığı, elmi ixtiraları ilə, elmi əsərlər yaratmaqla, həm də ümumən Azərbaycan elmini təşkil etmək, inkişaf etdirmək sahəsindəki fəaliyyəti ilə Azərbaycan xalqının tarixinə daxil olmuşdur. Ona görə biz bu gün də Yusif Məmmədəliyevin xidmətlərini böyük məmnuniyyətlə xatırlayırıq və onun parlaq siması, əziz xatirəsi qarşısında baş əyirik. Yusif Məmmədəliyev həddindən artıq mədəni və eyni zamanda çox təvazökar bir insan idi, millətini, xalqını həddindən artıq sevən bir adam idi, vətənpərvər bir insan idi, Vətəni haqqında, milləti haqqında, xalqı haqqında daim düşünən bir insan idi. Bu insanın siması həm zahirdən, həm də daxildən onun nə qədər yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirirdi. O, sözün əsl mənasında ziyalı idi”.
Yusif Məmmədəliyev əslində heç vaxt unudulmadı, çünki onun adı elmin, zəkanın, zəhmətin və vətənpərvərliyin simvoluna çevrildi. Görkəmli alim yalnız Azərbaycan elminin deyil, bütövlükdə milli düşüncənin, ziyalılıq mədəniyyətinin təcəssümü idi. O, dərin biliyi, yüksək insani keyfiyyətləri və millətinə olan sonsuz sevgisi ilə təkcə bir alim deyil, həm də bir məktəb, bir ideya idi. Onun həyatı və fəaliyyəti sübut edir ki, elm yalnız laboratoriya divarları arasında qapanmır; əksinə, o, xalqın taleyini, gələcəyini və inkişaf yolunu müəyyənləşdirən ən güclü qüvvədir. Yusif Məmmədəliyev öz elmi ilə, əməli ilə, pedaqoji fəaliyyəti ilə bu həqiqəti həyatının sonuna qədər nümayiş etdirdi. Onun yaratdığı elmi məktəb, yetişdirdiyi tələbələr, irəli sürdüyü ideyalar bu gün də yaşayır, inkişaf edir, yeni nəsillərə istiqamət verir.
Bu gün Azərbaycan kimya elminin beynəlxalq səviyyədə tanınması, onun parlaq simalarının elm səhnəsinə çıxması birbaşa Yusif Məmmədəliyevin qoyduğu bünövrənin nəticəsidir. O, elmi təkcə formullar və reaksiyalar toplusu kimi deyil, həyatın özü kimi dərk edirdi. Elmi insanın mənəvi kamilliyinə, xalqın tərəqqisinə aparan bir yol sayırdı. Biz bu gün onun adı qarşısında dərin ehtiramla baş əyirik. Çünki Yusif Məmmədəliyev təkcə bir dövrün alimi deyil, bütün zamanların örnəyidir. O, ömrü boyu elmin işığında yaşadı və bu işıqla xalqına yol göstərdi. Biz azərbaycanlılar üçün belə şəxsiyyətlər milli qürur, mənəvi dayağımızdır. Onlar tarixdən gələn səs, gələcəyə aparan işıqdır. Yusif Məmmədəliyev də məhz o ölməzlərdəndir, bu səbəbdəndir ki, adı elmin yaddaşında, əməli xalqın qəlbində yaşayır. Unutmayaq ki, dahilər ölmürlər. Onlar qoyub getdikləri əsərləri, yetişdirdikləri insanları, yaydıqları nur ilə yaşayırlar. Yusif Məmmədəliyev də elə bir dahi idi ki, ömrünü elmə həsr etdi, amma elə bu fədakarlığı ilə əbədiyyətə qovuşdu.
Murad QƏNBƏROV
Tarix-filologiya fakültəsi
“Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi








