Qələmin Vətən qibləsi

Qələmin Vətən qibləsi

25 Noyabr 2025

Xalqın milli yaddaşı, tarixi və dəyərləri onun ədəbiyyatında qorunub saxlanır. Həm Azərbaycan xalqının şifahi söz sənətində, həm də yazılı ədəbiyyat nümunələrində onun milli xarakteri, taleyi və xalq olaraq yaşamasına imkan verən vacib keyfiyyətləri əks etdirilmişdir. Bu isə əsl insan və vətəndaş tərbiyəsi baxımından əhəmiyyətli olub, xalqına bağlılıq və bəşəriyyətə sayğı keyfiyyətlərinin formalaşmasına, humanizm, tolerantlıq, miltikultural düşüncə kimi keyfiyyətlər əxz etdirir. Bu mənada milli və bəşəri dəyərləri öz yaradıcılığında əks etdirən qüvvətli sənətkar kimi Naxçıvan ədəbi mühitinin qüdrətli nümayəndəsi Həsənəli Eyvazlının özünəməxsus yeri var. 

Həsənəli Eyvazlı həmçinin bir alim olaraq qiymətli elmi əsərləri ilə ədəbiyyatşünaslığımızı zənginləşdirmiş, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Müəllifin müxtəlif illərdə çap edilən bir sıra əsərlərində, o cümlədən “Seçilmiş əsərləri”inin I, II, III və IV cildlərində, habelə “Ömrün payız duyğuları”, “Ömür yarpaqları”, “Lal sulara ay düşər” və başqa kitablarında qiymətli bədii əsərləri toplanaraq oxuculara çatdırılmışdır. 

Həsənəli Eyvazlının səmərəli ədəbi və elmi fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilmiş, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının “Təhsil əlaçısı” fəxri adlarına layiq görülmüşdür. Həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına və Prezident mükafatına layiq bilinmişdir.  

Poeziyada milli və bəşəri idellar

“Həsənəli Eyvazlı oxucu rəğbətini qazanmış qələm sahiblərindən biridir” [1, s.3]. Şair H.Eyvazlının yaradıcılığında milli idellar – vətənə bağlılıq və doğma yurda sevgi, vətəndaşlıq qeyrəti, ana təbiətə vurğunluq və qayğıkeşlik, vətənin insanlarına məhəbbət, dəyərlərinə bağlılıq və digər keyfiyyətlər ön planda gəlir. Şairin qələmindən çıxan “Görüşünə gəlmişəm”, “Qalıbdır”, “Ata ocağına qonaq gəlmişəm”, “Əlincə qalasında düşüncələr”, “Bu köç hara gedir?”, “Unudulubdu”, “Qəhrəman Naxçıvanım”, “Naxçıvan”, “Naxçıvanım”, “Naxçıvana gəl” kimi şeirləri vətənə məhəbbət ruhunda yazılmış, vətənə bağlılıq idellarını tərənnüm və təlqin edən gözəl lirik yazılıar kimi nəzər diqqəti cəlb edir. Şairin “Mən vətənəm” şeiri metaforik obrazlı olması ilə diqqəti cəlb edir. Şeirin ümumi ruhu, pafosu və forması R.Rzanın “Mən torpağam” şeirini andırsa da, H.Eyvazlının bu şeirində vətən çağırışları başlıca yer tutub. Vətən dilə gələrək öz kimliyini, sevgisini, dərdini, qayğılarını dilə gətirir:

Mən Vətənəm!

Keşiyimdə duranları istəyirəm.

...Azadlığı övladımın

Al qanıyla qazanmışam.

Azadlığı millətimin

Ad-sanıyla qazanmışam.

Mən Vətənəm!

...Sərkərdəsi aslan olan

Bir millətin vətəniyəm!

Şair əsərlərində nankorlara, öz yurdunu tərk edib vətəni, el-obanı boş, köməksiz qoyanlara da səslənərək, qınaq edir. Şair bir zamanlar ana vətəni tərk edib gedənlərə etiraz və yurd yerlərinin boşalmasına kədər nümayiş etdirərək “Bu köç hara gedir?”, “Unudulubdu” kimi şeirlərində ictimai qınağı əks etdirirdi. “Ata ocağına gəlmişəm”, “Qalıbdı” kimi şeirlərində isə Vətən həsrəti, doğma yerlərin nisgili kimi milli və fərdi duyğular gözəl ibarələr, obrazlı ifadələr və incə duyğularla ifadə edilmişdir. Tənqidçi Ə.Əzimlinin qeyd etdiyi kimi, “Həsənəlinin ruhunda yanğılı bir Vətən dərdi var, bu, ağırlığı get- gedə artan, azalmayan bir dərddir”. 

Şairin yaradıcılığında vətəni sevməklə bərabər, onu qorumaq, müdafiə etmək borcu da ümummilli ideallardan olaraq yer almışdır. “Səcdə qıllam” və “Son döyüşə hazırlaşın” kimi şeirlərdə şair məhz vətəni qorumaq borcunu dilə gətirmiş, vətəni qormağın onu sevməkdən daha vacib olduğu vurğulanmışdır. “Son döyüçə hazırlaşın” şeirində şair vaxtilə işğal altında qalan torpaqların harayına çağırış etmişdir. Əsərin sonuna doğru çağırış motivi və mübarizə pafosu güclənir, gəncləri birliyə və mübarizəyə səsləyən şair düşməni yıxmağın, Xankəndiyə getməyin zamanı olduğunu diqqətə çatdırmişdır. 

Ümumiyyətlə, şairin yaradıclığında ümummilli ideal kimi Vətənin bütövlüyü və birliyi məsələsi ən başlıca məqsəd və moivdir. Buna görə də H.Eyvazlının yaradıcılığında Vətəni sevmək, onun bütövlüyü və birliyi keşiyində durmaq, Qərbi Azərbaycanda qalan əzəli yurd yerlərinə qayıtmaq, Cənubi Azərbaycanla birləşmək və böyük bir Vətən Azərbaycan olmaq, daim tərəqqi və inkişaf etdmək əhəmiyyətli şəkildə yer almışdır. Əlbəttə, şeir Azərbaycanın əzəli torpaqları olan Qarabağın və ətrafı ərazilərin işğalı dönəminə aiddir. Bu baxımdan “O günləri unutmayaq”, “Qəriblik dağların qəddini əyib” kimi şeirlərdə məhz işğal altında olan, ermənilərin yaşadıqları doğma, əzəli yurd yerləri təsvir və təqdim olunub. Bu dövrdə Həsənəli Eyvazlı da daxil olmaqla bütün şair və yazıçılar torpaqlarımızın işğalına dözümsüzlük göstərərək mübarizə motivlərini dilə gətitirmişlər. 

Böyük ustad M.P.Vaqifin “Hayıf ki yoxdur” şeirinin uyumu üzərində yazılmış bu əsərdə 200 ilə yaxın bir müddətdə işğal edilərək ermənilərin yaşadıqları Azərbaycanın Qərbi torpaqlarına qayıdış çağırışları, həsrət və nisgil duyğularə yer almışdır. Ustad Ələsgərin doğma vətənindən uzaq düşməsinə dözməyərək həyatını itirməsi də sanki şeirdə dilə gətirilmiş, o doğma torpaqlara qayıtmaq idealı təsvir edilmişdir. Buna görə də hazırda Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Qərbi Azərbayacana Qayıdış siyasəti davamlı olaraq yürüdülməkdədir. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevə göstərdiyi inam və dəstəyin nəticəsində 2020-ci ilin noyabrında 30 ilə yaxın çəkən işğal taleyinə Böyük, Şanlı Zəfərlə son qoyuldu, Azərbaycan xalqının tarixinə Şanlı Zəfər Günü yazıldı. Bu zəfərlə Azərbaycanın işğal edilmiş 20 faizə yaxın torpaqları, o cümlədən Zəngilan, Xudafərin körpüsü, Şuşa, Xankəndi azadlığa qovuşdu, Qarabağ problemi yerli-dibli həllini tapdı və bununla da Qərbi Azərbaycana qayıdış zərurətini ortaya qoydu. Bu gün ölkəmizdə Qarabağa Böyük Q ayıdış proqramı həyata keçirildiyi kimi, Azərbaycan xalqı əmindir ki, Qərbi Azərbaycana da ləyaqətli vətəndaşlar olaraq qayıtmaq mümkün olacaqdır.

Şair Vətən bütövlüyü və sevgi tamlığı məsələsində də doğulub-böyüdüyü Naxçıvanı da unutmur. Təsadüfi deyil ki, şairin Naxçıvan mövzusunda yazdığı şeirlər “Lal sulara ay düşər” başlıqlı kitabında “Naxçıvan nəğmələri” adı altında qruplaşdırılaraq təqdim edilmişdir. Onun “Yolum düşdü Batabata”, “Əlincə qalasında düşüncələr”, “Naxçıvan”, “Naxçıvanım”, “Naxçıvana gəl” şeirlərində Naxçıvan haqqında düşüncə və məhəbbət duyğuları yer almış, Vətənin bu gözəl guşəsinə özünün sevgi və bağlılıq duyğularını poetik vüsətlə ifadə etmişdir. İstedadlı şairin “Naxçıvan haqqında ballada” poeması inkişaf və tərəqqi edən Naxçıvanın müasir inkişafı və dirçəlişi haqqında yazılmış ən yaxşı əsərlərdən biridir. Müəllifin bu əsəri əsasında Naxçıvan televiziyasında televiziya filmi çəkilmişdir.

Həsənəli Eyvazlının yaradıcılığında ümummilli ideal olan Vətənin birliyi və bütövlüyü məsələsi başlıca yer tutmuşdur. Buna görədir ki, şair Cənub həsrətini də yaradıcılığının başlıca mövzusu və motivinə çevirmiş, “Özümlə söhbət”, “İki əsrin həsrəti”, “Xan Araz” kimi şeirlərində dilə gətirmiş, yanıqlı, həsrət dolu duyğularla ifadə etmişdir. Hər bir əsər bir mənəvi problemin tarixi salnaməsi, antropologiyasıdır. H.Eyvazlının da Cənub mövzülü şeirləri bu səpkidə yazılmış əsərlərin ən yaxşı örnəklərindən biri kimi Azərbaycan xalqının ikiyə bölünmə dərdinin ehtivasıdır. Kiçik olmalarına rəğmən bu əsərlərdə faciənin tarixi, səbəbləri, gətirdiyi yaralar, problemlər, faciənin miqyası və s. öz əksini tapmışdır. 

“İki əsrin həsrəti” şeiri müəllifin 1997-ci ildə Cənubi Azərbaycana səfəri zamanı Təbrizdə, türkmənçay kəndində olarkən düşüncələrinin bədii ifadəsi kimi ortaya çıxıb. Əlbəttə, bu şeiuirlərdə yanğı, kəıdər, həsrət motivləri var, mübarizəyə çağırış, üsyan, qovuşmaq arzuları yer alıb. Şair o doğma yurdda olarkən adamların bir-birindən xəbərsiz yanından ötüb keçməsini də “uyudulmanın” başqa bir təzahürü kimi görür, dərdə də, birliyə də laqeydliyin təzahürü olaraq təqdim edir.

Şair Həsənəli Eyvazlı “Naxçıvan haqqında ballada” poemasında tərənnümə daha çox üstünlük verir. Həsənəli Eyvazlı Naxçıvanın yenilənmə ruhunu Ümummilli Lider Heydər Əliyevin Böyük Qayıdışı ilə əlaqələndirərək şəxsiyyət və inkişaf amilini qabardır. Naxçıvanın müasir görkəmə salınıb gəncləşməsi və əsrlərdən artıq inkişaf yolu  keçməsini dolu-dolu tərənnüm etmişdir. 

Şair Həsənəli Eyvazlı öz bədii yaradıcılığı və dilinin zənginliyi, sənətkarlıq xüsusiyyətləri ilə ədəbi dilimizin zənginləşməsinə də öz töhfələrini vermişdir. Onun qələmindən çıxan uğurlu nümunələr sənətkarlıq baxımından nəzər-diqqəti cəlb edir.

Dramaturgiyasında tarixilik və milli duyğuların bədii əksi

Həsənəli Eyvazlı həmçinin özünün dram əsərləri ilə Naxçıvan ədəbi mühitində dramaturgiyanı inkişaf etdirən layiqli nümayəndələrdən biridir. Müəllifin bir sıra dram əsərləri vardır ki, bu əsərlərdə də daha çox milli ideallar özünə yer almışdır. Bu əsərlərdə Vətənin taleyi, ikiyə bölünmüş Vətənin faciəsi və dərdi, qovuşmaq, birləşmək idealı məxsusi olaraq yer almışdır. Vətənin suverenliyi və dövləçiliyinin qorunması, xalqın azadlığının təminatı bu əsərlərin bəzilərində başlıca yeri, əsas motivi təşkil etmişdir. “Qurtuluşa gedən yol” pyesində 1990-cı illərin böhran zamanında Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi və onun fəaliyyəti sayəsində Naxçıvanın və ümumən Azərbaycanın gələcək inkişafı, ümummilli tale məsələsi özünün bədii əksini tapmışdır. “Araz sahilində doğan Günəş” pyesində isə Azərbaycanən əzəli ərazisi olan Naxçıvanın qoparılaraq Ermənistana verilməsi xain planına qarşı naxçıvanlı diplomat və ziyalı Behbud ağa Şahtaxtinskinin apardığı mücasdilə, Türkiyə Cümhuriyyətinin diplomatik dəstəyi özüçün bədii əksini taparaq Azərvaycanın milli məsələlərini əks etdirmişdir”. “Türkmənçay müqaviləsi” pyesində isə Azərbaycanın milli faciəsi olan ikiyə bölən Türkmənçay müqaviləsi mövzu edilmişdir. Müəllifin bir sıra dram əsərləri səhnələşdirilərək tamaşaya qoyulmuş və yüksək tamaşaçı rəğbəti qazanmışdır. 

İstedadlı şair və dramaturq kimi tanınan müəllifin “Ətoğrol Cavid və ya bir ailənin dramı” əsəri böyük Azərbaycan şairi Hüseyn Cavidin istedadlı və nakam övladı Ərtoğrol Cavidin həyatı və taleyinə həsr olunmuş, faciələrlə zəngin olan, repressiyanın qurbanına çevrilmiş Cavidlər ailəsinin taleyindən bəhs edilmişdir. Əsərdə repressiya qurbanı olan XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi, Azərbayca romantizminin bayraqdarı Hüseyn Cavidin ailəsi və onun DTK tərəfindən həbsi, istedadlı rəssam, musiqiçi, folklorşünas, tənqidçi, şair Ərtoğrol Cavidin nakam həyatından və s. söhbət açılmış, Ərtoğrolun müəllimi, görkəmli Azərbaycan bəstəkarı, musiqişünas, ədib Üzeyir bəy Hacıbəylinin, görkəmli müğənni Bülbülün və b.nın obrazları yaradılmışdır.  

“Ruhların görüşü” dram əsəri Hüseyn Cavid ədəbi məktəbinə mənsub olan, Azərbycan poeziyasının istedadlı nümayəndəsi Mikayıl Müşfiqin nakam qalan taleyinə həsr olunub. Hər iki əsər Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndələri olan Hüseyn Cavid və Mikayıl Müşfiqi, onların ailə həyatı, əzizləri Mişkinaz xanım, Dilbər xanım, Ərtoğrol Cavid, Turan Cavidi tanıtmaq, repressiyanın mərhəmətsiz və qərəzli ittihamlarının ürəkağrıdan nəticələri, Azərbaycan xalqına vurduğu zərərləri göstərmək baxımından mühüm əhəmiyyətə malikdirlər.

Müəllifin “Çoxbilmişlər yaxud kişilər”, “Göz ağırısı”, “İranda hürriyyət” kimi əsərləri də Azərbaycan dramaturgiyası və nəsrinin qüdrətli nümayəndəsi olan Cəlil Məmmədquluzadənin əsərlərinə yazılmış tamaşa-səhnəcik xüsusiyyəti ilə seçilir. Bu əsərlər görəkəmli ədibin böyük istedadla yazılmış və ciddi mətləblərə toxunan “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək” kimi əsərlərinin səhnələşdirilməsi əsasında yazılmışdır. Müəllifin istedadı həm də ordadır ki, adıgedən əsərlərin orijinaldakı problemlərini saxlamağa nail olmuşdur. Əbəttə, müəllifin səhnəlşdirdiyi əsərlərdə də müasir dövr üçün aktuallığını itirməyən avamlıq, müsir inkişaf sürətindən geri qalan tiplər və problemlər məharətlə bədiiləşdirilmişdir.

Adından da göründüyü kimi “Bərdə necə gözəl, necə qəşəngdir” dram əsəri böyük klassik səntkar Nizami Gəncəvinin məşhur “İsgəndərnamə” əsərindəki Nüşabə ilə İsgəndərin görüşməsi motivləri əsasında yazılmışdır. Əsər böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi və “Nizami ili” münasibətilə ərsəyə gətirilmişdir. Əsərdə Azərbaycan hökmdarı, Bərdə gözəli Nüşabə obrazı, eləcə də dünya fatehi kimi tanınmış İsgəndərin canlı, zəngin obraz və xarakterləri yaradılmışdır.   

“Nadan xoruz” (I hissə) əsəri uşaqlar üçün yazılmış qiymətli əsər hesab edilə bilər. Alleqorik üslubda mənzum nağıl olaraq yazılmış əsərdə hiyləgərlik və nadanlıq qarşılaşdırılaraq tənqid olunur, uşaqlarda müsbət keyfiyyətələrin yaranması üçün motivasiya doğurur. Pyesdə Tülkü hiyləgərlik və xainliyi, Xoruz avamlığı və nadanlığı, Bozdar isə oyaqlığı və təəssübkeşliyi təmsil edir. Tülkü öz yalanları ilə avam Xoruzu yoldan çıxarıb bütün həyatını yaşadığı həyətin müdafiəsinə həsr edən Bozdara qarşı çıxır və öz nadanlığı ilə ailəsi toyuq və cücələrin həyatına təhlükə yaradır. Tülkünün xain hücumları Bozdarın köməyə yetməsilə sovuşur və cücələr məhv olmaqdan - yeyilməkdən xilas olur. Əlbəttə, burada başqa əhəmiyyətli məzmun və məsələlər də tapmaq mümkündür. Azərbaycanın yaxın bir tarixdə torpaqlarının işğalı məsələlərinin də əsərin ruhunda yer aldığını demək olar. Tülkü xain qonşular olan erməniləri və erməniliyi təmsil edən hiyləgər bir düşmən obrazıdır. Əlbəttə də, Xoruz da nadanlığa uğramış avam rəhbərləri təmsil edir. Beləliklə, əsərdə uşaqlar üçün öyrədilməli bir sıra ciddi mətləblər yer almışdır. Əsər uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin “Tülkü Həccə gedir” maraqlı əsərinin motivləri əsasında tam orijinal bir əsər olaraq ərsəyə gətirilmişdir. Əsərdə uşaqlara həm də ailə dəyərləri, ailə bütövlüyü kimi biliklər mənimsədilir, birgəyaşayış qaydaları öyrədilir. 

Beləliklə, şair-dramaturq Həsənəli Eyvazlı yaradıcılığı özünün bədii cəhətdən kamilliyi ilə seçilir. Onun yaradıcılığı mövzu-problem baxımdan da əhəmiyyəti ilə nəzər-diqqəti cəlb edir. Onun yaradıcılığında milli ideallar əks olunduğu kimi, ümumbəşəri dəyərlər də yer almış, şairin humanist duyğu və düşüncələrini əks etdirmişdir. Vətənini bütün qəlbilə sevən şair ikiyə paralanmış Vətəninin birliyini arzulayır, xalqına sülh, əmin-amanlıq diləyir, bütün bəşəriyyətə xoşbəxtlik, dostluq və qardaşlıq arzu edir. Ümumiyyətlə, elinə, obasına bağlılıq onun əsərlərinin ortaya qoyduğu başlıca mənəvi keyfiyyətlər kimi diqqəti cəlb edir. 

Ramiz QASIMOV

Naxçıvan Müəllimlər İnstitutunun 

dosenti, filologiya üzrə fəlsəfə doktoru