Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi: Təsadüfi seçilməyən tarixi Zəfərin siyasi fəlsəfəsi

Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi: Təsadüfi seçilməyən tarixi Zəfərin siyasi fəlsəfəsi

13 İyun 2026

15 İyun Azərbaycan xalqının taleyində sadəcə təqvim günü deyil, dövlətçilik tariximizin dönüş nöqtəsi, milli varlığımızın xilası və müstəqil gələcəyimizin əsasının qoyulduğu müqəddəs bir tarixdir. 1993-cü ilin məhz bu günündə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi və çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini real məhvolma təhlükəsindən xilas etdi və ölkənin gələcək inkişaf yolunu müəyyənləşdirdi.

Həmin dövrdə Azərbaycan dərin siyasi böhran, iqtisadi tənəzzül, orduda pərakəndəlik, separatizm meylləri və vətəndaş qarşıdurması təhlükəsi ilə üz-üzə idi. Dövlət müstəqilliyinin itirilməsi real təhlükəyə çevrilmişdi. Belə mürəkkəb və həlledici mərhələdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət idarəçiliyində peşəkar siyasi kursun formalaşmasına və milli dövlətçilik institutlarının qorunmasına imkan yaratdı. Məhz bu qayıdış Azərbaycanın gələcək inkişaf strategiyasının başlanğıcı oldu. Ordu quruculuğu sürətləndirildi, iqtisadi islahatların əsası qoyuldu, beynəlxalq münasibətlərdə balanslaşdırılmış xarici siyasət kursu müəyyən edildi və müstəqil Azərbaycan dövlətinin davamlı inkişafı təmin olundu. Bu səbəbdən Milli Qurtuluş Günü yalnız keçmişin tarixi hadisəsi deyil. Bu tarix Azərbaycan xalqının birliyinin, siyasi iradəsinin, dövlətçilik ənənələrinin və milli həmrəyliyinin simvolu olaraq hər il xüsusi ehtiramla qeyd olunur.

Tarixin rəmzi ardıcıllığı ondan ibarətdir ki, məhz bu qurtuluş ruhu 28 il sonra– 2021-ci ilin 15 iyun tarixində özünün yeni və daha möhtəşəm siyasi təcəssümünü tapdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən azad Şuşada imzalanan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi heç də təsadüfi seçilmiş tarix deyildi.

Bu, tariximizin dərin siyasi məntiqindən doğan strateji seçim idi. Qurtuluşdan Zəfərə uzanan böyük yolun, milli dirçəlişdən regional liderliyə yüksələn Azərbaycanın siyasi gücünün və “Bir millət, iki dövlət” fəlsəfəsinin ən ali səviyyədə təsdiqi idi.

Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Bu Bəyannamə tarixə əsaslanır.” Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri və Ulu Öndər Heydər Əliyevin dünya siyasi tarixində strateji konsepsiyaya çevrilmiş “Bir millət, iki dövlət” kəlamı məhz bu sənəddə XXI əsrin geosiyasi reallıqları fonunda yeni məzmun qazanmışdır.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldərək iki qardaş dövlət arasında sarsılmaz strateji müttəfiqliyin hüquqi və siyasi əsaslarını müəyyənləşdirdi. Sənəd təkcə siyasi münasibətləri deyil, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, diaspor fəaliyyəti və xarici siyasət koordinasiyası daxil olmaqla bütün sahələrdə kompleks əməkdaşlıq mexanizmini formalaşdırdı.

Xüsusilə iqtisadi müstəvidə Bəyannamə region üçün tamamilə yeni perspektivlər açdı. İşğaldan azad edilmiş ərazilərə böyük investisiya axını, Qarabağın turizm potensialının reallaşdırılması, Zəngəzur dəhlizi, Qars–İğdır–Naxçıvan dəmir yolu layihəsinin icrası və Mərkəzi Asiyadan Avropaya uzanan yeni nəqliyyat-logistika xəttinin formalaşması Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirir. Bu layihələr təkcə Azərbaycan və Türkiyənin iqtisadi qüdrətini artırmır, eyni zamanda bütövlükdə regionun beynəlxalq iqtisadi xəritədə strateji əhəmiyyətini yüksəldir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq isə Bəyannamənin fundamental istiqamətlərindən biridir. Sənəd iki dövlətin təhlükəsizlik maraqlarının qarşılıqlı qorunmasını, silahlı qüvvələrin modernləşdirilməsini, birgə hərbi təlimlərin genişləndirilməsini və müdafiə potensialının gücləndirilməsini nəzərdə tutur. Bu, regionda revanşist və təhdid xarakterli istənilən yanaşmaya açıq və qəti siyasi mesajdır. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönələn hər hansı təhlükə qarşısında Türkiyənin qardaş dəstəyi bu sənəddə strateji təminat kimi təsbit olunmuşdur.

Tarixi baxımdan diqqət çəkən mühüm məqamlardan biri də Şuşa Bəyannaməsinin Qars müqaviləsinin imzalanmasından təxminən yüz il sonra yenidən eyni ruh və strateji yanaşma əsasında formalaşmasıdır. Bu, türk dünyasının siyasi həmrəyliyinin və ortaq gələcək vizyonunun yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Son illərdə 15 İyun tarixinin məhz Şuşada beynəlxalq konfranslar, geosiyasi forumlar və strateji müzakirələrlə qeyd olunması da xüsusi məna daşıyır. “Qurtuluşdan Zəfərə”, “Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Qafqazda sabitlik mənbəyidir”, “Türk Dövlətləri Təşkilatı: yeni geosiyasi hədəflər” və “Yeni dünya nizamı: qlobal çağırışlar” kimi mövzular Azərbaycanın regional liderlik mövqeyini və bu müttəfiqliyin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi yalnız iki dövlət arasında imzalanmış siyasi sənəd deyil. Bu, Azərbaycanın Milli Qurtuluş fəlsəfəsinin Zəfərlə tamamlanan məntiqi davamı, qardaşlığın ən yüksək siyasi ifadəsi və yeni geosiyasi reallıqların formalaşdırılması istiqamətində tarixi mərhələdir.

15 İyun artıq yalnız Azərbaycanın xilas günü kimi deyil, həm də qardaşlığın zirvəsi, strateji müttəfiqliyin möhkəmləndiyi gün, ortaq zəfərlərin başlanğıcı və türk dünyasının gələcək gücünün simvolu kimi tarixə həkk olunmuşdur.

1993-cü ildə dövlətçiliyin xilası ilə başlayan bu yol 2021-ci ildə azad Şuşada yeni siyasi zirvəyə yüksəldi. Azərbaycan və Türkiyə bu birlik sayəsində regionun gələcəyini formalaşdıran əsas güc mərkəzlərindən biri kimi daha böyük hədəflərə doğru inamla irəliləyir.

15 İyun — Qurtuluşdan Müttəfiqliyə, Zəfərdən daha böyük tarixi uğurlara aparan milli iradənin təntənəsidir.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı