Elxan Nəcəfov: Naxçıvan təhsili ölkə üzrə ən yüksək nəticələrdən birini göstərib

Elxan Nəcəfov: Naxçıvan təhsili ölkə üzrə ən yüksək nəticələrdən birini göstərib

13 İyun 2026

Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərində “Məzun günü” qeyd olunub. Bu münasibətlə məzunları, müəllimləri və valideynləri təbrik edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov son tədris ilinin uğurlu nəticələrlə yadda qaldığını bildirib.

“NAXÇIVANXƏBƏRLƏRİ”-nin məlumatına görə, nazir bildirib ki, ötən tədris ilində buraxılış imtahanlarında əldə olunan nəticələr məktəblərin və şagirdlərin uğurlarını əks etdirib. Belə ki, 11-ci siniflər üzrə iki, 9-cu siniflər üzrə isə bir şagird maksimum nəticə göstərib.

Elxan Nəcəfov qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin hesabatına əsasən, 11-ci siniflərin buraxılış imtahanlarının orta bal göstəricilərinə görə Naxçıvan Muxtar Respublikası ölkə üzrə birinci yerdə qərarlaşıb. O, blok imtahanlarının yekun nəticələrinin də muxtar respublika şagirdlərinin uğurlarını təsdiqləyəcəyinə inandığını vurğulayıb.

Nazir olimpiada nəticələrinə də toxunaraq bildirib ki, bu tədris ilində əldə olunan nailiyyətlər ötən illə müqayisədə 100 faiz artıb. Şagirdlər qızıl, gümüş və bürünc medallara layiq görülüblər. İnformatika fənni üzrə Babək rayonunun Nehrəm kənd tam orta məktəbinin şagirdi Əzim Əzimzadə qızıl medal qazanıb.

Təhsil infrastrukturu sahəsində görülən işlərdən danışan Elxan Nəcəfov Hacıvar kənd tam orta məktəbinin istifadəyə verildiyini, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin isə yeni tədris ilində istifadəyə veriləcəyinin nəzərdə tutulduğunu qeyd edib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP Azərbaycan şirkəti arasında imzalanmış sazişə əsasən bir sıra məktəblərdə və peşə təhsili müəssisələrində laboratoriyalar və fənn emalatxanaları yaradılacaq. STEAM kabinetlərinin yenilənməsi və maddi-texniki bazanın gücləndirilməsi də şagird nailiyyətlərinin artmasına müsbət təsir göstərib.

Nazir bildirib ki, Naxçıvan məktəblərinin 8 komandası beynəlxalq SAF 2025 festivalında uğurlu nəticələr əldə edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricilərdən biridir.

Elxan Nəcəfov gələcək planlardan da danışaraq qeyd edib ki, muxtar respublikada təmayül tədris məktəblərinin yaradılması istiqamətində işlər aparılır. Bu məktəblərdə şagirdlər seçdikləri ixtisaslara uyğun xüsusi tədris proqramları əsasında hazırlıq keçəcək, ali təhsil müəssisələrinə daha məqsədyönlü şəkildə hazırlaşa biləcəklər.

Sonda nazir “Məzun günü” münasibətilə bütün məzunları, müəllimləri, valideynləri və şagirdləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov