Əli Orucov: Aşura günündə qanvermə aksiyalarında iştirak etmək mühüm savab və humanist addımdır

Əli Orucov: Aşura günündə qanvermə aksiyalarında iştirak etmək mühüm savab və humanist addımdır

12 İyun 2026

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində  bildirib ki, Azərbaycanda Məhərrəm ayı iyunun 16-da başlayacaq, Aşura günü isə iyunun 25-nə təsadüf edəcək.

 Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan dövrlərdən biridir və bu müddətdə keçirilən dini mərasimlər qanunvericiliyin tələblərinə və milli-mənəvi dəyərlərə uyğun şəkildə təşkil olunmalıdır.

Əli Orucov qeyd edib ki, dini mərasimlər zamanı insan sağlamlığına zərər vuran hərəkətlərə yol verilməməli, əvəzində cəmiyyətə fayda verən təşəbbüslərə üstünlük verilməlidir. O vurğulayıb ki, Aşura günündə həyata keçirilən qanvermə aksiyaları humanizm və həmrəylik baxımından mühüm əhəmiyyət daşıyır.

Şura sədri vətəndaşları qanvermə kampaniyalarında fəal iştirak etməyə çağıraraq bildirib ki, bu təşəbbüs talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək olmaq baxımından xüsusi önəm kəsb edir.

Əli Orucov həmçinin qeyd edib ki, Məhərrəm ayı ərzində keçiriləcək dini mərasimlər məscidlərdə, ziyarətgahlarda və qanunvericiliklə müəyyən edilmiş digər məkanlarda təşkil olunacaq.

Müsahibəni hazırladı:

Mətin Kamal