Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib -

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışları keçirilib - FOTO

12 İyun 2026

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının MR üzrə birinciliyi keçirilib.

FHN-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən xəbərə görə, tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev və təhsil naziri Elxan Nəcəfov çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblarlar.

Qeyd olunub ki, belə yarışların keçirilməsi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılmasına, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasına və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasına şərait yaradır.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin komandası I yerə, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası II yerə və Şərur rayon Qarxun kənd tam orta məktəbin komandası III yerə layiq görülüb.

Qalib komandalara Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Ş.Mirzəyev, təhsil naziri E.Nəcəfov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi İ.Haqverdiyeva tərəfindən kubok və fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.