Tramp İranı danışıqların şərtlərini təhrif etməkdə ittiham edib
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında mümkün razılaşmanın şərtləri haqqında KİV-də çıxan yazıları təkzib edib, yayılan məlumatı saxta adlandıraraq onun sızdırılmasında İranı ittiham edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, bu barədə "Truth Social"da bildirib.
Trampın sözlərinə görə, bir sıra media resurslarında dərc olunan materialların tərəflər arasında əldə edilmiş real razılaşmalarla heç bir əlaqəsi yoxdur. Onun iddiasına görə, həmin razılaşmalar daha əvvəl yazılı şəkildə rəsmiləşdirilib.
"İranın saxta mediaya sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir ortaq cəhəti yoxdur. Onların dedikləri, o cümlədən razılaşmanın əldə olunması ilə bağlı zəif və acınacaqlı bəyanatlar həqiqəti əks etdirmir", - Tramp yazıb.
ABŞ Prezidenti, həmçinin Tehranı danışıqlar prosesinə qeyri-vicdani yanaşmada ittiham edib.
Trampın bu bəyanatı bir sıra KİV-lərdə ABŞ və İran arasında mümkün razılaşmanın ehtimal olunan şərtləri ilə bağlı yayılan məlumatlar fonunda səslənib.








