Sunay Babayev: Yeni yaradılan Agentlik Naxçıvanda da vahid kibertəhlükəsizlik nəzarətini təmin edəcək
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyun 2026-cı il tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi publik hüquqi şəxsin yaradılması ölkədə rəqəmsal təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Bu barədə “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sunay Babayev bildirib.
Sunay Babayev qeyd edib ki, son illər dünyada olduğu kimi Azərbaycanda da kiberhücumların sayı və mürəkkəbliyi artmaqdadır. Onun sözlərinə görə, bu təhdidlər təkcə fərdi istifadəçiləri deyil, dövlət qurumlarını, bank sektorunu və kritik infrastrukturu da hədəf alır.
“Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ölkə üzrə kibertəhlükəsizlik idarəetməsinin mərkəzləşdirilməsi və gücləndirilməsi məqsədi daşıyır. Agentlik kibertəhlükələrin aşkarlanması, qarşısının alınması, informasiya sistemlərinin dayanıqlılığının artırılması, fərdi məlumatların qorunması və bu sahədə maarifləndirmə işlərinin təşkili istiqamətində fəaliyyət göstərəcək”, – deyə o vurğulayıb.
Nazirlik əməkdaşı bildirib ki, mövcud sistemdə kibertəhlükəsizlik sahəsində idarəetmə tam şəkildə mərkəzləşdirilməyib və müxtəlif qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlər arasında vahid koordinasiya mexanizminin gücləndirilməsinə ehtiyac var.
Müsahibin sözlərinə görə, ölkədə rəqəmsallaşmanın sürətlə genişlənməsi, dövlət xidmətlərinin, maliyyə əməliyyatlarının və məlumat bazalarının onlayn mühitə keçməsi kibertəhlükəsizlik məsələlərinin əhəmiyyətini daha da artırır.
Sunay Babayev qeyd edib ki, beynəlxalq təcrübədə kibertəhlükəsizlik sahəsində güclü və mərkəzləşdirilmiş dövlət qurumlarının fəaliyyəti artıq standart yanaşma hesab olunur. Bu baxımdan yeni Agentliyin yaradılması Azərbaycanın beynəlxalq standartlara uyğunlaşmasına da mühüm töhfə verəcək.
O əlavə edib ki, Agentliyin fəaliyyəti Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının elektron informasiya sistemlərinin vahid milli kibertəhlükəsizlik standartları əsasında monitorinqi və koordinasiyasına da imkan yaradacaq.
“Bu, dövlət xidmətlərinin fasiləsizliyini artıracaq, vətəndaşlara təqdim edilən rəqəmsal xidmətlərin, elektron sənəd dövriyyəsinin, vergi, sosial müdafiə və digər platformaların kiberhücumlara qarşı dayanıqlığını daha da gücləndirəcək”, – deyə o bildirib.
Sunay Babayevin fikrincə, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması kibertəhlükəsizlik sahəsində vahid strategiyanın formalaşdırılmasına, risklərin qabaqlayıcı şəkildə idarə olunmasına və dövlət səviyyəsində daha effektiv müdafiə sisteminin qurulmasına xidmət edəcək.
Müsahibəni hazırladı:
Nəzrin Umay








