Qazı: Naxçıvanda bayram namazı mayın 27-də saat 09:00-da qılınacaq

Qazı: Naxçıvanda bayram namazı mayın 27-də saat 09:00-da qılınacaq

25 May 2026

Naxçıvanda Qurban bayramı namazı mayın 27-də saat 09:00-da bütün məscidlərdə qılınacaq.

Əli Orucov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Qurban bayramının mahiyyəti və mənəvi əhəmiyyətindən danışıb.

Şura sədri bildirib ki, Qurban bayramı İslam aləminin ən müqəddəs və mənəvi dəyərlərini özündə ehtiva edən əlamətdar bayramlardan biridir. Onun sözlərinə görə, bu müqəddəs gün insanlarda mərhəmət, yardımlaşma, birlik və paylaşmaq kimi ali hissləri daha da gücləndirir.

Qeyd olunub ki, qurban ibadəti yalnız dini mərasim deyil, eyni zamanda cəmiyyətdə sosial həmrəyliyin möhkəmlənməsinə xidmət edən mühüm mənəvi dəyərdir. Bayram günlərində ehtiyacı olan ailələrə yardım göstərilməsi, insanların bir-birinə diqqət və qayğı ilə yanaşması milli-mənəvi dəyərlərimizin yaşadılmasının bariz nümunəsi kimi dəyərləndirilib.

Müsahibədə vurğulanıb ki, Azərbaycan xalqı tarix boyu dini və milli adət-ənənələrinə sadiq qalıb, bu dəyərləri qoruyaraq gələcək nəsillərə ötürüb.

Əli Orucov sonda bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və ruzi-bərəkət arzulayıb.

Bildirilib ki, Qurban bayramı münasibətilə bayram namazı mayın 27-də saat 09:00-da Naxçıvan Muxtar Respublikasının bütün məscidlərində qılınacaq.

Müsahibəni hazırladı:

Mətin Kamal