"Yeləni" brendinin kəlağayı kolleksiyası sabah Naxçıvanda nümayiş olunacaq
Naxçıvanda sabah "Yeləni" brendinə məxsus kəlağayı kolleksiyasının nümayişi keçiriləcək.
Bu barədə "Yeləni" brendinin təsisçisi Nigar Həziyeva "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunacaq sərgidə kəlağayıların geniş təqdimatı baş tutacaq. Tədbirdə ilk dəfə olaraq "Türk qızı", "Oğuz boyu" (Turan) və "Səma" adlı unikal kəlağayılar, eləcə də indiyədək heç yerdə nümayiş etdirilməyən digər əl işləri sərgilənəcək.
Müsahib vurğulayıb ki, hazırladığı kolleksiyanın əsas məqsədi Azərbaycan tarixində iz qoymuş qadınların xatirəsini yaşatmaqdır:
"Kəlağayı sadəcə naxışdan və ya rəngdən ibarət deyil; o, rənglərlə naxışların harmoniyasından yaranan sənət əsəridir. Mən bu tarixi ipəyin üzərinə köçürərək Azərbaycan tarixində silinməz iz qoymuş güclü və cəsarətli xanımların adına xüsusi kəlağayılar hazırladım. Xurşidbanu Natəvan kəlağayısını hazırlayarkən şairənin öz əl işi olan "Gül dəftəri"ndəki rəsmləri köçürdüm. Sara Xatun kəlağayısında Ağqoyunlu dövrünə aid memarlıq abidələrinin islimi-nəbati naxışlarını canlandırdım. Mömünə Xatun kəlağayısında isə dahi memar Əcəminin şah əsəri olan Mömünə Xatun türbəsinin naxışlarını həm olduğu kimi tətbiq etdik, həm də bəzi elementləri improvizə etdik. İnanıram ki, bu kolleksiya daha da genişlənəcək və kəlağayılarımız yeni adlarla tariximizi dünyada tanıtmağa davam edəcəkdir".
Nigar Həziyeva kəlağayının Azərbaycan mədəniyyətindəki yerindən danışıb:
"Kəlağayı Azərbaycanın elə bir milli dəyəridir ki, özündə Azərbaycan xanımının qeyrətini, mərdliyini və cəsarətini təcəssüm etdirir. Qədim dövrlərdən bəri qadınlarımızın baş örtüyü olan kəlağayı tarixdə neçə-neçə qan davasının qarşısını alıb, barışıq rəmzinə çevrilib. Hətta 1990-cı illərin 20 Yanvar hadisələrində, hələ müstəqil bayrağımızın meydanlarda dalğalana bilmədiyi o çətin dövrlərdə, kəlağayı üçrəngli bayrağımızı əvəz edib".
Müsahibəni hazırladı:
Nəzrin Umay








