“Sevincin İnciləri” ansamblının konserti keçirilib -

“Sevincin İnciləri” ansamblının konserti keçirilib - FOTO

25 May 2026

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Naxçıvan Musiqi Kollecinin “Sevincin İnciləri” qanunçalanlar ansamblının 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramı keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Heydər Əliyev Sarayında təşkil olunan tədbir Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan Respublikasının və beynəlxalq müsabiqələrin Qran-pri mükafatçısı, Prezident mükafatçısı Sevinc Babayevanın bədii rəhbərliyi ilə reallaşıb. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Prezident mükafatçısı Mir Qabil Əkbərov Sevinc Babayevanın sənət fəaliyyəti, yaradıcılıq uğurları və tamaşaçılar qarşısında nümayiş etdirdiyi yüksək səviyyəli çıxışlarından bəhs edib.

Konsert proqramında milli və xarici musiqilərdən ibarət rəngarəng repertuar təqdim olunub. Ansambl tərəfindən Vüqar Camalzadənin “Zəngəzur”, “Butterfly”, Mahirə Nağıqızının “Vətən”, “Gürcü rəqsi”, Fuad Musayevin “Can qardaşı”, “Çahargah” kompozisiyası, Vüqar Şiriyevin “Mərd adam”, “Dele Kucolo”, Elnur Naxçıvanlının “Naxçıvanım”, “Bahar Hora”, Şakir Quliyevin “Türkün qartalları”, “Bella Ciao” (“La Casa de Papel”) və Azərbaycan xalq mahnısı “Nərgilə” tamaşaçılara təqdim olunub.

Tədbir Elçin Cəfərovun “O tay, bu tay Azərbaycan” mahnısının ifası - 75 nəfərlik kollektivin birgə səsləndirdiyi möhtəşəm repertuar ilə yekunlaşıb.

Konsert proqramı müxtəlif musiqi nömrələri, xor, vokal və rəqs qruplarının iştirakı ilə təqdim olunub.

Sonda Sevinc Babayevaya gül dəstələri və müxtəlif hədiyyələr təqdim olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, konsertin xormeysteri Aytəkin Mustafayeva, xoreoqrafları isə Prezident mükafatçıları Zeliha Hüseynquliyeva, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Sona Əliyeva və Naxçıvan Dövlət Universitetinin müəllimi Ramil Bağırov olub.