Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda konsert verdi -

Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda konsert verdi - FOTO

22 May 2026

Mayın 22-də Heydər Əliyev Sarayı möhtəşəm musiqi axşamına ev sahibliyi edib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən ölkəmizin aparıcı bədii kollektivlərinin böyük qastrol proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan konsert proqramı Naxçıvan Muxtar Respublikasını da əhatə edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri 28 May - Müstəqillik Günü ərəfəsində Naxçıvan şəhərində geniş konsert proqramı ilə çıxış edib. Konsertə Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.

Musiqi axşamı dahi bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri ilə açılıb. Əsər Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara təqdim olunub. Ardınca Azərbaycan Respublikasının Xalq artisti Yeganə Axundova Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzularında fortepiano konserti”nin I hissəsini yüksək peşəkarlıqla ifa edib.

Konsert proqramı çərçivəsində Gülsüm Xəlilova Asəf Zeynallının “Ölkəm” və Niyazinin “Arzu” romansını təqdim edib. Hacı Xanməmmədovun “Kamança və simfonik orkestr üçün konsert” əsərinin II hissəsi isə istedadlı kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən səsləndirilib.

Muğam və klassik vokal ənənələrini birləşdirən gecədə Üzeyir Hacıbəylinin “Sevgili Canan” romansı və Niyazinin “Vətən nəğməsi” Atəş Qarayevin ifasında tamaşaçılara təqdim olunub. Konsertin növbəti hissəsində Vasif Adıgözəlovun “Qərənfil” mahnısı və Həsən Rzayevin “Çahargah” rapsodiyası Mirnofəl Həsənov tərəfindən ifa edilib.

Gecədə həmçinin Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərini Mirəli Sarızadə, Niyazinin işləməsi əsasında “Qaragilə” xalq mahnısını isə Güllü Muradova təqdim edib. Konsert proqramının kulminasiya nöqtələrindən biri Fikrət Əmirovun məşhur “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” simfonik lövhəsi olub.

Axşam Vasif Adıgözəlovun möhtəşəm “Qarabağ şikəstəsi” orotoriyası ilə yekunlaşıb. Əsəri Güllü Muradova və Mirəli Sarızadə duet şəklində ifa ediblər.

Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin bir qrup musiqiçisi də Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri ilə birlikdə səhnə alıb.

Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri — mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.

Azərbaycan musiqi sənətinin parlaq incilərini bir araya gətirən və 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilən bu möhtəşəm konsert musiqisevərlərə unudulmaz sənət axşamı bəxş edib.

Tədbirdə dövlət və hökumət nümayəndələri də iştirak edib. Konsert proqramı başa çatdıqdan sonra  Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev səhnə arxasına keçərək kollektivi təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb.