Naxçıvanda qurbanlıq üçün 9 xüsusi məntəqə fəaliyyət göstərəcək - FOTO
Naxçıvan şəhərində Qurban bayramı ilə əlaqədar xüsusi kəsim və satış məntəqələri təşkil olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, mayın 27-28-də qeyd olunacaq Qurban bayramı günlərində Naxçıvan şəhərində qurbanlıq heyvanların sanitariya-gigiyena tələblərinə uyğun şəraitdə kəsimi və satışı üçün xüsusi məntəqələr fəaliyyət göstərəcək.
Belə ki, Naxçıvan şəhərinin Əliabad qəsəbəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 17 may 2024-cü il tarixli, müvafiq nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın tələblərinə uyğun olaraq “Naxçıvan Heyvan Bazarı 1” MMC adı altında müasir tipli heyvan bazarı fəaliyyətə başlayıb. Həmin bazarda qurbanlıq heyvanların həm satışı, həm də kəsimi həyata keçiriləcək.
Eyni zamanda, Naxçıvan şəhərinin Çənlibel məhəlləsində — Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin yaxınlığında qurbanlıq heyvanların kəsimi məqsədilə müasir tipli səyyar çadır məntəqəsi quraşdırılıb. Çadırın yaxınlığında heyvanların diri halda satışının təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, təşkil olunan məntəqələrdə baytarlıq-sanitariya norma və qaydalarına əməl olunmasına ciddi nəzarət həyata keçiriləcək, müəyyən edilmiş məntəqələrdən kənar ərazilərdə heyvan kəsimi isə qadağandır.













