DSX və Baş Prokurorluq korrupsiyaya qarşı mübarizə ilə bağlı birgə tədbir keçirib

DSX və Baş Prokurorluq korrupsiyaya qarşı mübarizə ilə bağlı birgə tədbir keçirib

18 Noyabr 2026

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluq tərəfindən birgə maarifləndirici tədbir keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə DSX-nin mətbuat mərkəzindən bildirilib.

Noyabrın 17-də DSX-nin aparatında təşkil olunmuş tədbirdə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun nümayəndələri iştirak edib, mövzu ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.

Tədbirdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin tələbləri, şəffaflığın və hesabatlılığın təmin edilməsi, antikorrupsiya davranış prinsiplərinin formalaşdırılması, eləcə də hərbi sahədə korrupsiya hüquqpozmalarının qarşısının alınması məsələlərinə diqqət yetirilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən “Antikorrupsiya davranış modeli” və “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizəni həyata keçirən ixtisaslaşmış qurumlar. Hərbi sahəyə xarakterik korrupsiya hüquqpozmalarının xüsusiyyətləri” mövzularında təqdimatlar edilib.

Çıxışlar zamanı korrupsiya risklərinin müəyyənləşdirilməsi və qarşısının alınması, xidməti fəaliyyətdə dürüstlük və etik davranış qaydalarına riayət edilməsi, korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış qurumların səlahiyyətləri və bu sahədə mövcud hüquqi mexanizmlər barədə ətraflı məlumat verilib.

Tədbirin əsas məqsədi şəxsi heyətin korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi biliklərinin artırılması, antikorrupsiya davranış prinsiplərinin təşviqi, xidməti fəaliyyətdə qanunçuluğun, şəffaflığın və məsuliyyətin daha da möhkəmləndirilməsindən ibarət olub.