Azərbaycanda aqrar sahədə vergi güzəştlərinin ümumi məbləği açıqlanıb
Azərbaycanda aqrar sahədə vergi güzəştlərinin ümumi məbləği 580 milyon manat təşkil edir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
"Bunun müqabilində fermerlərdən 12-13 milyon manat vergi daxilolması gözləntisin büdcə gəlirlərinin fermerlərin hesabına təmin edilməsi demək deyil. Gözlənilən bu məbləğ kənd təsərrüfatı üzrə ümumi vergi güzəştlərinin cəmi 2 %-ni təşkil edir. Dövlət kənd təsərrüfatı istehsalçılarına suvarma suyunu maya dəyərindən təxminən 30 dəfə aşağı tariflə satır. Bu da deməkdir ki, dövlətin yalnız suvarma suyu ilə bağlı dəstəyinin dəyəri 300 milyon manata yaxındır", - deyə o qeyd edib.
Deputatın sözlərinə görə, kənd təsərrüfatında elektron qaimə-faktura (e-qaimə) sistemi tətbiq olunub, bu məqsədlə maliyyə vəsaitləri ayrılıb, inzibati resurslar səfərbər edilib: "Hesab edirik ki, həmin sistem vasitəsilə indiyə qədər kənd təsərrüfatında müfəssəl uçot sistemi də qurulmalı idi. Çünki bu, dövlət dəstəyinin qiymətləndirilməsi baxımından olduqca vacibdir. Vergi məsələlərinin uçotla əlaqələndirilməsi dövlətə hər bir kəndliyə, fermerə və kənd təsərrüfatı istehsalçısına göstərdiyi dəstəyin həcmini və səmərəliliyini qiymətləndirmək imkanı verəcək. Bu, kənd təsərrüfatına dövlət dəstəyinin daha səmərəli təşkilinə, aqrar siyasətin effektiv həyata keçirilməsinə şərait yaradacaq".
"Digər mühüm məqam isə dövlətin ərzaq balansını daha real göstəricilər əsasında tərtib edə bilməsidir. Çünki burada əsas məsələlərdən biri ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin dəqiq hesablanmasıdır. Bütövlükdə, vergi məsələlərinin uçotla əlaqələndirilməsi bir tərəfdən dövlət dəstəyinin daha səmərəli təşkilinə, digər tərəfdən isə vergi inzibatçılığının təkmilləşdirilməsinə imkan verəcək. Hesab edirik ki, bu, kənd təsərrüfatında yeni mərhələnin başlanğıcı olacaq. Mən özümə borc bilirəm ki, bu məsələ ilə bağlı cəmiyyətdə qeyri-real təəssüratlar yaranmasına imkan verməyək və mövcud vəziyyəti olduğu kimi təqdim edək. Dövlət bu gün də kənd təsərrüfatına münasibətdə genişmiqyaslı dəstək proqramını həyata keçirməkdə davam edir", - deyə A.Əmiraslanov vurğulayıb.








