NASCO29-da elmin səsinə musiqi qarışdı
Elmi konfransları adətən ciddi məruzələrlə, mübahisəli suallarla, dəqiq arqumentlərlə əlaqələndiririk. Musiqi isə sanki bu mühitdən bir qədər uzaq görünür. Amma Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIX Respublika Elmi Konfransının (NASCO29) açılışı bu iki sahənin bir-birindən o qədər də uzaq olmadığını göstərdi. İki gün ərzində müxtəlif ali təhsil və elmi tədqiqat müəssisələrindən olan alim və tədqiqatçıları bir araya gətirən, elmi müzakirələrə və fikir mübadiləsinə meydan açan konfransın ilk anları musiqi ilə yadda qaldı.
Açılışda NDU-nun “Orkestr alətləri və dirijorluq” kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar artisti, dosent Mübariz Əsgərov bədii rəhbərliyi ilə universitetin Simfonik Orkestri çıxış etdi. Beş ildir fəaliyyət göstərən kollektiv bu dəfə Azərbaycan və dünya musiqi xəzinəsindən seçilmiş əsərləri bir proqramda təqdim etdi. Konsert Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başladı. Azərbaycan Respublikasının Xalq artisti, professor Çingiz Axundovun dirijorluğu ilə səslənən əsər elə ilk notlardan tədbirə xüsusi ovqat gətirdi. Proqramın sonunda yenidən “Koroğlu”ya qayıdıldı və “Çənlibel” xorunun ifası ilə konsert tamamlandı. Beləliklə, musiqi proqramının başlanğıcı ilə sonu eyni əsərin ətrafında birləşdi.
Bu iki nömrə arasında isə dinləyicilər fərqli musiqi dünyalarına səyahət etdilər. Opera sənəti Cüzeppe Verdinin “Riqoletto” operasından Hersoqun mahnısı və Fikrət Əmirovun “Sevil” operasından Dilbərin nəğməsi ilə təqdim olundu. Əmirovun yaradıcılığı isə konsertdə xüsusi yer tuturdu. “Kürd ovşarı” simfonik muğamından parça və “Azərbaycan kapriççiosu”ndan nümunələr milli musiqimizin zənginliyini simfonik səslənmədə bir daha hiss etdirdi. Dünya musiqisindən Ceyms Hornerin “Titanik” filminə bəstələdiyi musiqinin orkestr və solist üçün işlənmiş variantı, eləcə də İohann Ştrausun “Radetzky marşı” səsləndi. Bir proqramda bu qədər fərqli bəstəkarın, janrın və musiqi ənənəsinin bir araya gəlməsi konsertə ayrıca rəng qatırdı.
Konsertdə xor ifaları da xüsusi yer almışdı. NDU-nun bədii özfəaliyyət xoru Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından müqəddiməni və “Şəbi-Hicran” xorunu ifa etdi. Xora bədii rəhbərliyi NDU Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva, universitetin dosenti, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Validə Hüseynova və Aytəkin Mustafayeva həyata keçirirdilər. Diqqət çəkən məqamlardan biri də həm orkestrin, həm də xorun universitetin öz kollektivlərindən ibarət olması idi. Bu mənada, açılış konserti yalnız musiqi proqramı deyil, universitetdə illər ərzində formalaşan yaradıcılıq mühitinin də bir təqdimatı idi.
Tədbiri fəlsəfə doktoru, dosent Günay Məmmədova aparırdı. Elmi konfransın aparıcılığını da elmi fəaliyyətlə məşğul olan bir alimin üzərinə götürməsi bu tədbirin ümumi ruhuna uyğun bir detal idi. Bütün bunlar musiqi ilə elmin eyni məkanda necə təbii şəkildə qovuşa bildiyini göstərirdi. İfa olunan əsərlər qonaqlar tərəfindən maraqla qarşılandı, konsert xoş təəssüratlarla yadda qaldı.
Tədbirin “Şəhərsalma və Memarlıq İli”ndə keçirilməsi də bu musiqi ovqatına başqa bir məna əlavə edirdi. Memarlığı çox vaxt “donmuş musiqi” adlandırırlar. İlk baxışda bir-birindən fərqli görünən bu iki sənət sahəsini əslində ahəng, nisbət və quruluş kimi ortaq anlayışlar birləşdirir. Bəlkə də elə buna görə konfransın musiqi ilə açılması təsadüfi seçimdən daha çox, ilin məzmununa uyğun bir başlanğıc təsiri bağışlayırdı.
Əlbəttə, elmi konfransın əsas məqsədi elmi nəticələri bölüşmək, yeni fikirləri müzakirə etmək və gənc tədqiqatçılara öz sözlərini demək imkanı yaratmaqdır. Musiqi bu məqsədi əvəz etmir, amma tədbirə fərqli bir nəfəs, daha isti bir başlanğıc verir. Məncə, belə məqamların öz yeri var. Çünki universitet yalnız elmi biliklərin əldə olunduğu deyil, həm də zövqün, dünyagörüşünün və yaradıcılığın formalaşdığı məkandır.
NASCO29-un açılışında səslənən musiqi də bunu xatırlatdı. “Koroğlu”nun qüdrətli uvertürasından “Çənlibel”in ruhuna qədər uzanan bu musiqi xətti elmi düşüncənin yanında sənətin də öz sözünü deyə bildiyini göstərdi. Bəzən bir tədbirin yaddaşımızda qalan tərəfi dinlədiyimiz məruzələr qədər onun yaratdığı ovqat olur. Bu dəfə isə elmin səsinə musiqi qarışdı və konfransın ilk anlarına xüsusi bir ahəng verdi.
Badəm ƏLİYEVA
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi










