Naxçıvanda şahmat turnirinin qalibləri mükafatlandırılıb -

Naxçıvanda şahmat turnirinin qalibləri mükafatlandırılıb - FOTO

18 Noyabr 2026

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmatın rapid növü üzrə turnir  başa çatıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 18-də şahmatçıların mükafatlandırma mərasimi keçirilib.

Turnirin baş hakimi Urfan Sevdimalıyev məlumat verib ki, Zəfər Gününün önəmini əks etdirən və gənclərin intellektual inkişafına töhfə vermək məqsədilə təşkil olunan, müxtəlif yaş kateqoriyalarında mübarizə aparan şahmatçıların bilik və bacarıqlarını nümayiş etdirdikləri turnirdə, ümumilikdə, 93 şahmatçı iştirak edib.

Şahmatçılardan 72-si reytinqli, 21-i reytinqsiz, 18-i qadın, 75-i kişi iştirakçıdır. Yaş qrupları üzrə 6–16 yaş arasında 67 şahmatçı, həmçinin 5 veteran şahmatçı mübarizə aparıb.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi  və “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları tərəfindən  qalib şahmatçılara və turnirin hakimlərinə  mükafatlar təqdim edilib.

Turnirin yekun nəticələrinə əsasən, ümumi qaliblər sırasında I yerə Mirsaleh Seyidli, II yerə Toğrul Həsanzadə, III yerə isə Pərviz Qasımov layiq görülüb.

Yarışın ən yaxşı qadın şahmatçısı Fəridə Şükürova olub. Veteranlar arasında isə Adil Sevdimalıyev qalib adını qazanıb.