Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb - FOTO
Əhali üçün idman xidmətlərinin əlçatanlığını təmin etmək, infrastrukturun imkanlarından səmərəli istifadəni genişləndirmək və xidmət keyfiyyətini yüksəltmək məqsədilə Şərur Olimpiya İdman Kompleksində (OİK) aparılan təmir-bərpa və yenilənmə işləri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, yenilənmə işləri çərçivəsində su təminatı və dövriyyə sistemləri təkmilləşdirilib, 5 su nasosu və müxtəlif tutumlu 4 su çəni (4, 10 və 35 tonluq) yenilənib. Hovuz suyunun təmizlənməsi, isitmə və havalandırma sistemlərində zəruri texniki işlər aparılıb. Eyni zamanda, idman zalı və açıq idman meydançalarının işıqlandırılması yaxşılaşdırılıb.
Görülən işlərin nəticəsi olaraq kompleksin Üzgüçülük Mərkəzi də yaxın günlərdə fəaliyyətini tam bərpa edəcək. Hazırda burada qazanxana və suqızdırıcı qurğular normal fəaliyyət göstərir, hovuz suyunun temperaturu istifadə üçün tələb olunan həddə çatdırılır. Üzgüçülüklə məşğul olmaq istəyən sakinlər mərkəzin xidmətlərindən yenidən yararlana biləcəklər.
Qeyd edək ki, Şərur OİK-in maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin diqqət mərkəzində saxlanılıb. Təmir-bərpa işləri başa çatdıqdan sonra görülən işlərin nəticələri ilə yerində tanış olmaq məqsədilə kompleksə baxış keçirilib.












