İsmayıl Hacıyev: Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının banisidir
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbulunda Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.
O, “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində bildirib ki, müstəqilliyin bərpasından sonra yeni Konstitusiyanın hazırlanması dövlət quruculuğunun ən mühüm vəzifələrindən biri olub. 1995-ci il iyunun 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılıb. Həmin ilin noyabrın 12-də keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib.
Akademik qeyd edib ki, Konstitusiyada dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, eləcə də insan hüquq və azadlıqlarının təmin edilməsi əsas prinsiplər kimi təsbit olunub. Onun sözlərinə görə, 158 maddədən 48-nin insan hüquq və azadlıqlarına həsr edilməsi sənədin əhəmiyyətini göstərən mühüm amillərdəndir.
İsmayıl Hacıyev vurğulayıb ki, Konstitusiyanın hazırlanması və qəbul edilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu səbəbdən də sənəd haqlı olaraq Heydər Əliyev Konstitusiyası adlandırılır. O, həmçinin Konstitusiyada Naxçıvan Muxtar Respublikasının hüquqi statusu ilə bağlı müddəaların xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Akademik bildirib ki, Konstitusiyada müəyyən edilən ərazi bütövlüyü və suverenlik prinsipləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun uğurlu davamıdır.








