NDU-da Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir - FOTO
13–14 noyabr tarixlərində Naxçıvan Dövlət Universitetində “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutur. Konfrans 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və UNESCO-nun Yubileylər Proqramına uyğun təşkil olunub.
Konfransda Çin, Türkiyə, Avstriya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən alim və tədqiqatçılar iştirak edirlər. Ümumilikdə 25 elm və təhsil müəssisəsini təmsil edən 118 tədqiqatçı tərəfindən 90-dan çox elmi məqalə və tezis təqdim olunub.
Hibrid formatda keçirilən konfrans çərçivəsində 3 panel müzakirəsi və 7 elmi bölmə üzrə Əcəmi Naxçıvani irsi, Naxçıvan memarlıq məktəbi, İpək Yolu üzərində şəhərsalma ənənələri və mədəni irsin qorunması məsələləri müzakirə olunur.













