NDU tələbəsi beynəlxalq universitetə qəbul olub - MÜSAHİBƏ
Salam, Əşrəf! İlk olaraq özünü oxucularımıza təqdim edərdin.
– Salam. İlk növbədə, mənə özümü təqdim etmək imkanı yaratdığınız üçün təşəkkür edirəm. Mən Əşrəf İsmayılov, hazırda Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə II kurs tələbəsiyəm. Universitetdə təhsil aldığım müddətdə akademik biliklərimi artırmaqla yanaşı, şəxsi bacarıqlarımı da inkişaf etdirməyə çalışmışam. Xüsusilə texnologiya, informasiya təhlükəsizliyi və müasir rəqəmsal sistemlərə marağım böyükdür. Hesab edirəm ki, müasir dövrdə insan daim öyrənməli, yenilikləri izləməli və öz üzərində işləməlidir.
– Xaricdə təhsil almaq qərarına necə gəldin? Hansı universitetə və ixtisasa qəbul olmusan?
– Texnologiya sahəsinə marağım gələcək təhsil istiqamətimi müəyyənləşdirməyimdə mühüm rol oynayıb. Avstraliyanın Wollongong Universitetinin Dubay kampusuna qəbul almışam. Təhsilimi “Kibertəhlükəsizlik” (Cybersecurity) ixtisası üzrə davam etdirəcəyəm. Bu sahəni seçməyimin əsas səbəbi texnologiyanın sürətlə inkişaf etməsi və rəqəmsal təhlükəsizliyin dünya miqyasında getdikcə daha böyük əhəmiyyət qazanmasıdır.
– Beynəlxalq universitetə qəbul prosesində SAT və IELTS nəticələri də mühüm rol oynayır. Bu imtahanlarda göstəricilərin necə olub?
– SAT imtahanından 1380, IELTS imtahanından isə ümumilikdə 7.0 bal toplamışam. Bu nəticələrə nail olmaq üçün sistemli şəkildə hazırlaşmışam. SAT hazırlığı zamanı riyazi düşünmə və analitik bacarıqlarımı, IELTS üzrə isə oxu, yazı, dinləmə və danışıq vərdişlərimi inkişaf etdirməyə çalışmışam. Hazırlıq prosesi müəyyən çətinliklər yaratsa da, məqsədimə çatmaq üçün səylə çalışmışam.
– Xaricdə təhsil sənə yeni imkanlar qazandıracaq. Bəs gələcəkdə Azərbaycana qayıtmaq və burada fəaliyyət göstərmək barədə düşünürsənmi?
– Bəli, gələcək planlarım arasında Azərbaycana qayıtmaq və xaricdə qazandığım bilikləri burada tətbiq etmək mühüm yer tutur. Xaricdə təhsili yalnız fərdi karyera qurmaq imkanı deyil, həm də beynəlxalq təcrübə qazanmaq fürsəti kimi qiymətləndirirəm. Xüsusilə kibertəhlükəsizlik sahəsində qabaqcıl ölkələrin təcrübəsini öyrənmək və əldə etdiyim bilikləri gələcəkdə ölkəmizin inkişafına yönəltmək istəyirəm.
– Söhbətimizin sonunda Naxçıvan Dövlət Universiteti ilə bağlı planlarından da danışaq. Gələcəkdə universitetlə əməkdaşlıq etmək və onun inkişafına töhfə vermək istərdinmi?
– Naxçıvan Dövlət Universitetinin mənim həyatımda xüsusi yeri var. Çünki ali təhsil həyatımın ilk mərhələsini məhz bu universitetdə keçirmişəm. Burada qazandığım bilik və təcrübə gələcək hədəflərimi müəyyənləşdirməyimdə mühüm rol oynayıb. Beynəlxalq təcrübə əldə etdikdən sonra NDU ilə əlaqələrimi qorumaq, universitetlə əməkdaşlıq etmək və onun inkişafına öz töhfəmi vermək istərdim. İlk akademik addımlarımı atdığım universitetlə bağlarımı davam etdirmək mənim üçün çox dəyərlidir.
Söhbətləşdi: Badəm Əliyeva
NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi








