“Ali təhsil müəssisələrində gender mədəniyyətinin təbliği” mövzusunda tədbir keçirilib

“Ali təhsil müəssisələrində gender mədəniyyətinin təbliği” mövzusunda tədbir keçirilib - FOTO

12 Noyabr 2026

“Şəhərsalma və Memarlıq İli” və “Uşaq Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Ali təhsil müəssisələrində gender mədəniyyətinin təbliği” mövzusunda tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Tədbirdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Arif Ağalarov açılış nitqi ilə çıxış edib.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva çıxış edərək gender mədəniyyətinin mahiyyəti, gender bərabərliyinin təmin olunması, qadın və kişilərin cəmiyyətdə bərabər hüquq və imkanlara malik olması barədə ətraflı məlumat verib. O, həmçinin gender stereotiplərinin aradan qaldırılmasının, gənclərdə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Naxçıvan Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Sevinc Abbasova çıxışında ali təhsil müəssisələrində gender mədəniyyətinin formalaşdırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə maarifləndirmə işlərinin gənclərin dünyagörüşünün genişlənməsinə və cəmiyyətdə bərabərlik prinsiplərinin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Komitə Aparatının baş məsləhətçi-hüquqşünası Təhminə Ələkbərova isə çıxışında gender bərabərliyinin hüquqi əsaslarından, Azərbaycan Respublikasının qanunvericiliyində qadın və kişilərin bərabər hüquqlarının təmin olunması ilə bağlı müddəalardan danışıb.

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Jurnalistika və rəqəmsal media kafedrasının müdiri Elnarə Allahverdiyeva da mövzu ilə bağlı fikirlərini bölüşərək, gender bərabərliyinin təbliğində medianın və rəqəmsal platformaların rolundan bəhs edib.

Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb. Sonda mövzu ilə əlaqədar maarifləndirici broşürlər paylanılıb.