Naxçıvanda məktəblilərlə növbəti maarifləndirici görüşlər təşkil olunub - FOTO
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yerləşən ümumtəhsil məktəblərində şagirdlərin məlumatlılığının artırılması məqsədilə növbəti profilaktik görüşlər keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşlər zamanı narkomaniyanın fəsadları, yol hərəkəti təhlükəsizliyi, internetdən düzgün istifadə və kibertəhdidlərdən qorunma yolları barədə geniş məlumat verilib.
Polis əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, sosial həyatına və gələcəyinə vurduğu zərərlərdən bəhs edərək yeniyetmələri zərərli vərdişlərdən uzaq durmağa, asudə vaxtlarını səmərəli keçirməyə və sağlam həyat tərzinə üstünlük verməyə çağırıblar.
Yol təhlükəsizliyi ilə bağlı söhbətlərdə piyada keçidlərindən istifadə, yol nişanlarının və işıqforun tələblərinə əməl olunması, küçə və yollarda diqqətli davranışın əhəmiyyəti izah edilib. Eyni zamanda, sosial şəbəkələrdə şəxsi məlumatların qorunması, tanımadıqları şəxslərlə ünsiyyətdə ehtiyatlı olmaq, şübhəli keçidlərə daxil olmamaq və internet dələduzluğunun mümkün risklərindən yayınmaq barədə tövsiyələr verilib.
Tədbirlər çərçivəsində şagirdlərin gələcək peşə seçimində istiqamətləndirilməsi məqsədilə Polis Akademiyasında təhsil imkanları barədə də ətraflı məlumat verilib. Akademiyaya qəbul qaydaları və şərtləri, tədris prosesi, ixtisaslar, müasir maddi-texniki baza və yaradılmış təlim şəraiti diqqətə çatdırılıb. Bildirilib ki, Akademiyada təhsil alan kursantların geyim, qidalanma və yataqxana ilə təminatı, eləcə də nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarının inkişafı üçün zəruri imkanlar yaradılıb. Eyni zamanda, daxili işlər orqanlarında xidmətin xüsusiyyətləri, polis əməkdaşlarının vəzifə və məsuliyyətləri, peşəkar inkişaf perspektivləri və dövlət tərəfindən nəzərdə tutulan sosial təminatlar barədə məlumat verilib. Gənclər dövlətə və cəmiyyətə xidmət, qanunun aliliyinin qorunması və ictimai təhlükəsizliyin təmin olunması sahəsində polis peşəsinin əhəmiyyəti barədə məlumatlandırılıblar.
Maarifləndirici görüşlər zamanı şagirdlərə mövzular üzrə videoçarxlar nümayiş etdirilib, müxtəlif situasiyalar ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.










