Naxçıvanda gənclər üçün ödənişsiz təlimlər keçilir
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Yerli – 2” layihəsi çərçivəsində Naxçıvan şəhərində gənclər üçün ödənişsiz təlimlərə start verilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ümumilikdə 40 gəncin iştirak etdiyi təlimlər dörd istiqaməti əhatə edir. Hər istiqamət üzrə 10 nəfərin iştirak etdiyi təlimlər həftədə üç dəfə, hər dərs üç saat olmaqla, ümumilikdə 72 saat davam edəcək. “Web Development” üzrə Aytən Seyidova, qrafik dizayn üzrə Mərvə Mehdiyeva, “Helpdesk” üzrə Mirkənan Cəfərli, sosial media marketinqi üzrə isə Badisəba Sadiqova gənclərə təlim keçirlər.
Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar təqdim olunacaq.
Ölkə üzrə 400 gənci əhatə edən layihə müasir əmək bazarının tələblərinə uyğun olaraq regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının artırılmasını, onların peşəkar inkişafına dəstək göstərilməsini hədəfləyir.
Layihə Naxçıvanla yanaşı, ölkənin digər şəhər və rayonlarını, eləcə də işğaldan azad edilmiş ərazilərdə yeni salınan yaşayış məntəqələrini əhatə edir.












