Elm və Təhsil Nazirliyindən İran nazirinin təxribatçı açıqlamasına cavab
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlamasına etiraz edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirliyin açıqlamasında bildirilib ki, İran nazirinin səsləndirdiyi fikirlər təəccüb və təəssüf doğurur.
“Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır”, – açıqlamada vurğulanıb.
Elm və Təhsil Nazirliyi İran rəsmilərinə başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olmağı tövsiyə edib.
Açıqlamada qeyd olunub ki, İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur, ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir.
Nazirliyin bildirdiyinə görə, İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.
“İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər”, – nazirliyin açıqlamasında bildirilib.








