Naxçıvanda rəsm və əl işlərinin sərgi-satış yarmarkası keçirilir - FOTO
Naxçıvanda məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, oktyabrın 26-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi-satış yarmarkasının açılış tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi-satış yarmarkasının məqsədi xalqımızın ailə dəyərlərinin qorunub saxlanılması, adət-ənənələrinin yaşadılması, milli və xalq tətbiqi sənəti nümunələrinin təbliğ edilməsi, həmçinin qadınların özünüməşğulluğunun təmin olunması və istedadlarının üzə çıxarılmasıdır.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, muxtar respublikada artıq ənənə halını almış fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi-satış yarmarkası ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır. O qeyd edib ki, bu kimi tədbirlər qadınların yaradıcılıq potensialının üzə çıxarılmasına, onların cəmiyyətə inteqrasiyasına və iqtisadi müstəqilliyinin təmin olunmasına mühüm töhfə verir.
Bildirilib ki, bu gün keçirilən sərgi-satış yarmarkasında ümumilikdə 300-ə yaxın müəllifə məxsus 12 mindən artıq müxtəlif əl işi və ailə təsərrüfatı məhsulu nümayiş olunur. Bu göstərici ötən illə müqayisədə artımın olduğunu göstərir. Komitə sədri qadınlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, qadınların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə və gələcəkdə də cəmiyyətimizə mühüm töhfələr verməyə davam edəcəklərinə əminliyini ifadə edib. Ramilə Seyidova sərgi-satış yarmarkasının 10 gün davam edəcəyini bildirib və yekun tədbirdə əl işləri ilə fərqlənən qadınların təltif ediləcəyini vurğulayıb. Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Nuhi Abdinov çıxışında bildirib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində muxtar respublikada inklüzivliyin və bərabər iştirak imkanlarının təşviqi, eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qruplarının cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir.
O qeyd edib ki, ənənəvi sərgi-satış yarmarkasının təşkili məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların yaradıcılıq potensialının üzə çıxarılması, bacarıqlarının nümayiş etdirilməsi və əməyinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəsm və əl işlərinin ictimaiyyətə təqdim olunması iştirakçıların yaradıcılıq fəaliyyətinin təşviqinə, sosial fəallığının artırılmasına və iqtisadi imkanlarının genişləndirilməsinə dəstək göstərir. Nuhi Abdinov sərgi-satış yarmarkasının iştirakçılarına təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İstedadlı qadın Teyfə Qasımova çıxışında qeyd edib ki, bu cür sərgilər qadınların ailələrinin maddi vəziyyətinin yaxşılaşdırılmasına və sosial fəaliyyətlərinin genişləndirilməsinə dəstək olur. O, həmçinin vurğulayıb ki, bu tədbirlər qadınlara yüksək motivasiya verir və onların gələcəkdə də bu kimi tədbirlərdə fəal iştirak etmələrinə imkan yaradır. Sonra sərgi-satış yarmarkasına baxış keçirilib.
Qeyd edək ki, bu gündən etibarən 10 gün davam edəcək sərgi-satış yarmarkası noyabr ayının 5-dək davam edəcək.














