Bir əşyanın bir neçə şəxsin xüsusi mülkiyyətində olması mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Bir əşyanın bir neçə şəxsin xüsusi mülkiyyətində olması mümkündürmü?
Cavab: Bəli, mümkündür. Mülki qanunvericiliyə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət bölünməz əşyanın və ya bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət isə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilərsə, bu, paylı mülkiyyət adlanır. Əksinə, belə paylar müəyyənləşdirilməzsə, bu növ ümumi mülkiyyət birgə mülkiyyətdir. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Məsələn, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların birgə mülkiyyətidir.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.








