Naxçıvanda yeni işə qəbul olunan gənc müəllimlərlə görüş keçirilib - FOTO
Oktyabrın 26-da müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov gənc müəllimləri təbrik edərək onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müəllimlik peşəsinin cəmiyyətin intellektual potensialının formalaşmasında mühüm rolunu vurğulayaraq bu fəaliyyətin yüksək peşəkarlıq, məsuliyyət və davamlı inkişaf tələb etdiyini bildirib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və müəllim əməyinə hər zaman yüksək qiymət verilib. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, təhsil infrastrukturunun müasirləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Nazir müasir təhsil mühitində müəllimlərin üzərinə düşən əsas vəzifələrdən bəhs edərək şagirdlərdə müstəqil düşünmə, təhliletmə, qərarvermə və bilikləri praktikada tətbiqetmə bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Gənc müəllimlərə müasir tədris metodlarından səmərəli istifadə etmək, peşəkar bilik və bacarıqlarını davamlı təkmilləşdirmək, hər bir şagirdə fərdi yanaşmaq və məktəbdə sağlam pedaqoji mühitin formalaşmasına töhfə vermək tövsiyə olunub.
Tədbirdə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin direktoru Nəzifə Haqverdiyeva pedaqoji təcrübənin əhəmiyyəti və gənc müəllimlərin fəaliyyətində diqqət yetirilməli məqamlar barədə danışıb. Müsabiqədə Naxçıvan üzrə ən yüksək nəticəni — 95 balı toplayaraq Naxçıvan Qızlar Liseyində fəaliyyətə başlayan Səbinə Alırzayeva da çıxış edib.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanan 166 müəllim muxtar respublikanın ümumtəhsil məktəblərində fəaliyyətə başlayıb. Onlardan 16-sı ölkənin digər regionlarından gələrək pedaqoji fəaliyyətini Naxçıvanda davam etdirməyi seçib.













