Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi yaradılacaq
Naxçıvanda Zəfər Gününə həsr olunan əlilliyi olan istedadlı uşaqların iştirakı ilə inklüziv musiqili konsert proqramı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə jurnalistlərə açıqlamasında Zəfər Gününün Azərbaycan xalqının birliyinin və həmrəyliyinin təcəssümü olduğunu bildirib.
Nazir qeyd edib ki, dövlətin sosial siyasətində əlilliyi olan şəxslərə və həssas əhali qruplarına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Fərid Bağırzadə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələrin, xüsusilə əlilliyi olan uşaqların təhsilinə, sağlamlığına və reabilitasiyasına yönələn təşəbbüslərin inklüziv cəmiyyətin formalaşmasına töhfə verdiyini vurğulayıb.
Nazir bildirib ki, konsertdə Naxçıvan Regional İnformasiya Mərkəzinin benefisiarlarının ifaları dinlənilib. O, növbəti mərhələdə həmin mərkəzin bazasında Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Fərid Bağırzadə əlavə edib ki, bu cür tədbirlər əlilliyi olan şəxslərin özünəinamının artırılmasına və yaradıcılıq potensialının inkişafına mühüm dəstək verir.








