Ümummilli Liderin 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestrinin təqdim etdiyi gecədə Azərbaycan bəstəkarlarının klassik və unudulmaz əsərləri səsləndirilib. Konsertdə orkestrə Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov dirijorluq edib.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə açılıb. Daha sonra Niyazinin “Arzu” romansı, Qara Qarayevin “7 gözəl” və “İldırımlı yollarla” baletlərindən parçalar, Cahangir Cahangirovun “Alagöz”, Vasif Adıgözəlovun “Qərənfil” əsərləri, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən parçalar, Həsən Rzayevin “Çahargah rapsodiyası” səsləndirilib.
Konsertdə Azərbaycan Respublikasının Xalq artistləri Gülnaz İsmayılova və Yeganə Axundova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq müsabiqələr laureatı Orxan Cəlilov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Beynəlxalq müsabiqələr laureatı Səxavət Məmmədov, Beynəlxalq müsabiqələr laureatı Kənan Məmmədzadə və Prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Nicat Məsimov çıxış ediblər.
Həmçinin Fikrət Əmirovun “Mən səni araram” mahnısı, “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, işləməsi Məmməd Quliyevə məxsus olan xalq mahnısı “Gəl bizə”, Fərhad Bədəlbəylinin “Dəniz” əsəri, Fikrət Əmirovun “Nizami” simfoniyasından final və “Azərbaycan elləri” mahnısı, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” əsərləri təqdim olunub.
Konsert proqramı Azərbaycan musiqi mədəniyyətinin zənginliyini, milli-mənəvi dəyərlərə bağlılığı və klassik irsin yaşadılmasının əhəmiyyətini əks etdirib. Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və incəsənətə göstərdiyi diqqət və qayğının təcəssümü olan bu gecə, eyni zamanda milli musiqimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm daşıyır.















