Sədr müavini: Naxçıvandan vəhdət mesajı verildi
Naxçıvanda “Zəngəzur yolu: tarixin izi” mövzusunda konfrans təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
"Konfransın adı təsadüfi seçilməyib. Qurum tərəfindən Gürcüstan və Türkiyədə yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində ötən il və bu il ərzində Gürcüstanda, İstanbulun Xalqalı bölgəsində, eləcə də Qars və İğdırda iftar süfrələri təşkil olunub. Naxçıvanda keçirilən konfrans isə həmin proqramın davamı kimi qiymətləndirilir".
Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Sədr müavini vurğulayıb ki, layihənin əsas fərqləndirici cəhəti müxtəlif məzhəblərə mənsub din xadimlərinin bir araya gəlməsidir. Türkiyədən Cəfəri icmasının nümayəndələri, Diyanət İşləri Başqanlığının tabeliyində fəaliyyət göstərən din xadimləri və Qars vilayətinin müftisi, Gürcüstandan isə Müsəlmanları İdarəsinin şeyxi, müftisi və Acarıstan üzrə müftisi tədbirdə iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan hökumətinin məqsədi ölkədə mövcud olan birlik və bərabərlik modelini dünya azərbaycanlıları arasında da təşviq etməkdir. Bu baxımdan Naxçıvan şəhərində yerləşən Heydər Məscidi və Kazım Qarabəkir Paşa Məscidində vəhdət namazı qılınıb.
“Bu gün İslam dünyasının ən çox ehtiyac duyduğu dəyərlərdən biri məhz vəhdətdir”, – deyə G. İsmayılov qeyd edib.
O əlavə edib ki, bu missiya çərçivəsində din xadimlərinin işğaldan azad olunmuş ərazilərə, o cümlədən Şuşa şəhərinə səfərləri də təşkil olunub və həmin ərazilərdə də vəhdət namazları qılınıb.
Sədr müavininin sözlərinə görə, Azərbaycan bu mühüm missiyanın həm daşıyıcısı, həm də təbliğatçısı kimi çıxış edir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








