Naxçıvanda bu il 49,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Naxçıvanda bu il 49,5 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

17 İyun 2026

Naxçıvan Muxtar Respublikasında səhralaşma ilə mübarizə istiqamətində meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilir, eyni zamanda yaylaq mövsümündə yüksək dağlıq ərazilərdə geobotaniki tədqiqatlar aparılır.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Səbinə Əsədova saytımıza müsahibəsində bildirib.

Onun sözlərinə görə, otlaq sahələrinin məhsuldarlığı, bitki örtüyünün vəziyyəti və antropogen təsirlər öyrənilir. Su ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə damcılı suvarma sistemlərinin tətbiqi, ekoloji maarifləndirmə tədbirlərinin genişləndirilməsi və biomüxtəlifliyin qorunması istiqamətində görülən işlər səhralaşma riskinin azaldılmasına mühüm töhfə verir.

Səbinə Əsədova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası kəskin kontinental iqlim xüsusiyyətlərinə malik regionlardan biri olsa da, 2026-cı ilin ilk yarısında aparılan hidrometeoroloji müşahidələrin nəticələrinə əsasən muxtar respublika ərazisində quraqlıq vəziyyəti qeydə alınmayıb. Yaz aylarında, xüsusilə may ayında müşahidə olunan yağıntılar torpaq rütubətinin artmasına, çaylarda sululuğun yüksəlməsinə və bitki örtüyünün inkişafına müsbət təsir göstərib.

Bildirilib ki, yağıntılar təbii ekosistemlərin davamlılığı və su ehtiyatlarının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Bu amil torpağın rütubətini artırır, bitkilərin inkişafı üçün əlverişli şərait yaradır, yeraltı və yerüstü su ehtiyatlarının qidalanmasını təmin edir. Nəticədə səhralaşma riskinin azalmasına müsbət təsir göstərir.

Nazirlik əməkdaşı vurğulayıb ki, yaşıllaşdırma tədbirləri iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması və ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında hər il yaz və payız mövsümlərində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunur, yeni yaşıllıq sahələri salınır, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir.

Səbinə Əsədova əlavə edib ki, bu ilin yaz əkin mövsümündə 7,5 hektar sahədə meşəsalma, 42 hektar sahədə meşəbərpa işləri həyata keçirilib, ümumilikdə 23 min 800-dən çox müxtəlif növ ting əkin dövriyyəsinə daxil edilib.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov