Frilanserlər vergi orqanında qeydiyyata alınacaqlar

Frilanserlər vergi orqanında qeydiyyata alınacaqlar

17 İyun 2026

Azərbaycanda frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata alınacaqlar.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Frilanserlər və rəqəmsal səyyahlar vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə biləcəklər.

Qeyd edək ki, frilanser dedikdə muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxs, rəqəmsal səyyah dedikdə isə rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs nəzərdə tutulacaq.