Bir sıra şəxslər 20 illik gəlir vergisindən azad edilir
Azərbaycanda bir sıra şəxslər 2026-cı il iyulun 1-dən 20 il müddətində gəlir vergisindən azad ediləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində bu sahə üzrə işləyən mütəxəssislərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi miqdarında gəlir vergisi tutulur.
Qanun layihəsinə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinin həyata keçirilməsi məqsədilə cəlb edilən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən 2026-cı il iyulun 1-dən 20 il müddətində 0 faiz miqdarında gəlir vergisi tutulacaq. Başqa sözlə, iyulun 1-dən 20 il müddətində gəlir vergisindən azad ediləcək.








