Naxçıvan şəhərində siren sistemlərinin monitorinqi həyata keçiriləcək

Naxçıvan şəhərində siren sistemlərinin monitorinqi həyata keçiriləcək

17 İyun 2026

Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2025-ci il tarixli, müvafiq nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 6, 7 və 8-ci bəndlərində Azərbaycan Respublikasında mövcud olan xəbərdarlıq sisteminin monitorinqinin aparılması, vəziyyətinin qiymətləndirilməsi, müasir dövrün tələblərinə cavab verən xəbərdarlıq sisteminin yaradılması üçün zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu məqsədlə 18 iyun tarixində saat 16:00-da Naxçıvan şəhərində mövcud siren sistemlərinin monitorinqi və texniki vəziyyətinin yoxlanılması ilə bağlı aidiyyəti komissiya tərəfindən baxış keçirilməsi nəzərdə tutulur.

Monitorinq tədbirlərinin əsas məqsədi fövqəladə hallar zamanı əhalinin vaxtında xəbərdar edilməsi üçün nəzərdə tutulan siqnalizasiya və xəbərdarlıq sistemlərinin işlək vəziyyətinin təmin olunması, mövcud texniki imkanların qiymətləndirilməsi və mümkün nasazlıqların aşkar edilməsidir.

Yoxlamalar zamanı siren sistemlərinin əhatə dairəsi, səs ötürmə gücü, idarəetmə mexanizmləri və ümumi funksionallığı diqqət mərkəzində saxlanılacaq. Eyni zamanda, sistemlərin dayanıqlılığının artırılması və operativ müdaxilə imkanlarının gücləndirilməsi məqsədilə müvafiq təhlillərin aparılması planlaşdırılır.

Aparılacaq monitorinqin nəticələrinə əsasən, aşkar edilən çatışmazlıqların aradan qaldırılması və sistemin daha effektiv işləməsi üçün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu kimi yoxlama və monitorinq tədbirləri əhalinin təhlükəsizliyinin təmin olunması və fövqəladə hallar zamanı operativ xəbərdarlıq sistemlərinin etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.