Qədim səslərin izində: NDU emalatxana rəhbəri ilə söhbət

Qədim səslərin izində: NDU emalatxana rəhbəri ilə söhbət

01 İyun 2026

Müsahibim: -  Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində Musiqi Alətləri Emalatxanasının müdiri İxtiyar Seyidovun qələmindən

Bəzən bir musiqi aləti yalnız səs deyil, bir xalqın yaddaşı olur. Taxtanın nəfəsində, simlərin titrəyişində yüzillərin izi yaşayır. Elə insanlar var ki, bu yaddaşı qorumağı özlərinə missiya seçirlər. Qədim musiqi alətlərinin bərpası və yenidən səsləndirilməsi istiqamətində uzun illərdir çalışan sənətkarla söhbətimiz də məhz bu yaddaşın izinə aparır.

İxtiyar Seyidov söhbətə sazdan başlayır. Çünki onun sənət yolunun başlanğıcında məhz saz dayanır.

“Əslində, hər şey saz alətinə olan sevgimdən başladı”, – deyə müsahibim xatırlayır. “Sazın tarixini araşdırdıqca qarşıma qopuz, çoğur, çəng və başqa qədim musiqi alətləri çıxdı. O zaman düşündüm ki, bu alətlər yalnız muzey eksponatı kimi qalmamalıdır. Onlar yenidən səslənməli, xalqın yaddaşına qaytarılmalıdır”.

Bu düşüncə zamanla böyük bir sənət missiyasına çevrilir. Qədim musiqi alətlərinin bərpası ilə yanaşı, unudulmaqda olan xalq mahnıları da yenidən işlənərək repertuara daxil edilir. Məqsəd yalnız musiqi ifa etmək deyil, milli musiqi yaddaşını gələcək nəsillərə ötürmək olur.

2005-ci ildən başlayaraq indiki, NDU nəzdində Naxçıvan Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən sənətkar həmin illəri xüsusi duyğularla xatırlayır. O dövrdə texnikumun rəhbəri Yusif Babayevin təşəbbüsü və dəstəyi ilə Qədim Musiqi Alətləri Ansamblı yaradılır. Ansambl ilk dəfə efirə çıxanda isə bu, sadəcə bir musiqi çıxışı deyil, sanki keçmişin yenidən dirçəlişi təsirini bağışlayır.

“Bu işdə tək deyildim”, – deyə vurğulayır. “Məktəbin kollektivi, xüsusilə Aqil Seyidov, Vahid Quliyev və Əşrəf Abdullayev ansamblın yaranmasında mənə böyük dəstək oldular”.

Ansamblın ilk tərkibi olduqca zəngin idi. Beləki, ud, bərbət, qopuz, çəğanə, çoğur, saz, bəm tar, kamança, kamanlı rübab, rud, tütək, balaban, nağara, qoşa nağara, qanun, dilruba tənbur və çəng… Müxtəlif dövrlərin və coğrafiyaların musiqi nəfəsi bir səhnədə birləşir.

Müsahibim deyir ki, bu alətlərin hər biri onun üçün ayrı-ayrılıqda böyük dəyər daşıyır: “Onları bir-birindən ayırmaq mümkün deyil. Hərəsinin öz ruhu, öz tarixçəsi var”.

Zaman keçdikcə ansamblın tərkibi daha da genişlənir. Naxçıvan tənburu və bəm rübab adlı yeni alətlər yaradılaraq kollektivə daxil edilir. Xüsusilə Naxçıvan tənburu maraqlı ideyanın məhsulu olur. Üç tərəfdən ibarət olan bu alət sazı, tənburu və çəngi özündə birləşdirir.

“Bu üç alət türk dünyasının ortaq musiqi yaddaşıdır. Ona görə də Naxçıvan tənburu birlik rəmzi kimi xüsusi məna daşıyır”, – deyə bildirir.

Bəm rübab isə Kaşkar rübabını xatırlatsa da, daha dərin və bəm səs tembri ilə seçilir.

Söhbət zamanı hiss olunur ki, onun üçün ən böyük sevinc gənclərin qədim musiqi alətlərinə maraq göstərməsidir. NDU nəzdində fəaliyyət göstərən emalatxanaya gələn tələbələr burada həm alətləri yaxından tanıyır, həm də onların hazırlanma prosesi ilə maraqlanırlar.

“İstərdim ki, bu alətlər tədris proqramına daxil edilsin. Çünki bu, bizim milli kimliyimizin bir hissəsidir”, – deyə əlavə edir.

2021-ci ildə Bakı şəhərinə köçməsi ilə ansamblın fəaliyyəti dayanır. Lakin bu fasilə uzun çəkmir. 2024-cü ilin may ayında NDU-nun rektoru Elbrus İsayevin dəvəti ilə yenidən Naxçıvana qayıdır.

Bu dönüş qədim musiqi alətlərinin yenidən canlanmasına təkan verir. NDU-da İncəsənət fakültəsinin nəzdində Musiqi Alətləri Emalatxanası yaradılır və müsahibim həmin emalatxanaya rəhbər təyin olunur.

“Bu, sadəcə bir emalatxana deyil”, – deyə o vurğulayır. “Bu, Azərbaycan musiqi mədəniyyətinə verilən böyük dəyərin göstəricisidir”.

2025-ci tədris ilində isə “Qədim Çalğı Alətləri” ansamblı yenidən fəaliyyətə başlayır. Bu dəfə tərkibə muğni, çahar və tar kimi müasir çalğı alətləri də əlavə olunur.

Hazırda Balakən tənburu, saz və bir sıra nəfəsli alətlərin bərpası istiqamətində işlər aparılır. Gələcək planlar isə daha böyükdür: qədim səsləri daha geniş auditoriyalara çatdırmaq, bu ansamblı böyük səhnələrdə tanıtmaq və ən əsası, milli musiqi irsini gələcək nəsillərə ötürmək.

Söhbətin sonunda anlayırsan ki, burada söhbət yalnız musiqidən getmir. Burada bir xalqın keçmişinə, yaddaşına və ruhuna sahib çıxmaqdan söhbət gedir.

Söhbətləşdi: Badəm ƏLİYEVA