Naxçıvanda baramaçılıq sahəsində canlanma müşahidə olunur
Naxçıvan Muxtar Respublikasında baramaçılıq sahəsində görülən işlər və əldə olunan nəticələrlə bağlı NMR Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibə verib.
O bildirib ki, son illər muxtar respublikada aqrar sahənin digər istiqamətləri ilə yanaşı, baramaçılığın inkişafı istiqamətində də mühüm addımlar atılır:
"Bu sahədə həyata keçirilən tədbirlər yalnız bugünkü məhsuldarlığın artırılmasına deyil, gələcək inkişaf üçün möhkəm təməlin formalaşdırılmasına xidmət edir".
Sektor müdiri qeyd edib ki, uzun illik fasilədən sonra 2024-cü ildə muxtar respublikada baramaçılıq ənənələrinin yenidən bərpasına başlanılıb:
"Həmin il pilot layihə çərçivəsində gətirilən 30 qutu ipəkqurdu toxumu inkubasiya prosesindən keçirilərək təmənnasız şəkildə kümçülərə paylanılıb. Nəticədə 1119 kiloqram yaş barama istehsal olunub".
2025-ci ildə bu istiqamətdə görülən işlər daha da genişləndirilib:
"Cari ildə 40 qutu ipəkqurdundan 1757 kiloqram yaş barama əldə olunub. Bu isə məhsuldarlıqda təxminən 17 faiz artım deməkdir. Əldə olunan nəticələr seçilmiş inkişaf strategiyasının düzgün olduğunu göstərir".
Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan orta məhsuldarlıq göstəricisinə görə iki il ardıcıl olaraq ölkə üzrə Zərdab rayonundan sonra ikinci yerə yüksəlib:
"Bu nəticələr "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində görülən işlərin nəticəsidir".
Sektor müdiri əlavə edib ki, baramaçılığın inkişafı istiqamətində tədbirlər hazırda da davam etdirilir:
"Cari ildə muxtar respublikaya 50 qutu ipəkqurdu toxumu gətirilib; Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda inkubasiyaya qoyulub, kümçülərə paylanılıb".
Məlumata görə, kümçülərə paylanan ipəkqurdu toxumları rayonlar üzrə aşağıdakı şəkildə bölüşdürülüb:
Şərur rayonu –11 qutu, Babək rayonu – 11 qutu, Culfa rayonu –4 qutu, Ordubad rayonu – 9 qutu, Şahbuz rayonu – 3 qutu, Kəngərli rayonu – 8 qutu, Sədərək rayonu – 3 qutu, Naxçıvan şəhəri – 1 qutu.
Ümumilikdə isə kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb.
Müsahibəni hazırladı:
Nəzrin Umay








