Naxçıvan Şəhər Sukanal İdarəsi tərəfindən 27 mindən çox abonentə xidmət göstərilir

Naxçıvan Şəhər Sukanal İdarəsi tərəfindən 27 mindən çox abonentə xidmət göstərilir

24 İyun 2026

Naxçıvan şəhərində içməli su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində rəqəmsal həllərin tətbiqi, infrastrukturun yenilənməsi və xidmətlərin müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində ADSEA-nın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Naxçıvan Şəhər Sukanal İdarəsinin əməkdaşı Fəxriyyə Səyyadova bildirib ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya və “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində həyata keçirilir.

Fəxriyyə Səyyadova qeyd edib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təqdim etdiyi bir sıra xidmətlər artıq myGov platformasına inteqrasiya olunub. Bunun nəticəsində abonentlər borc və ödəniş məlumatlarını əldə edə, sayğac göstəricilərini təqdim edə və müxtəlif xidmətlərdən elektron qaydada yararlana bilirlər.

Müsahibədə bildirilib ki, içməli suyun keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə laboratoriyaların yenidən qurulması istiqamətində işlər aparılır. Fiziki-kimyəvi laboratoriya fəaliyyətini davam etdirir, bioloji laboratoriyanın yaradılması və əməkdaşların ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulur.

Hazırda Naxçıvan Şəhər Sukanal İdarəsi tərəfindən 25 min 862 əhali və 1635 qeyri-əhali olmaqla ümumilikdə 27 min 497 abonentə xidmət göstərilir.

Ən çox müraciətlər su təchizatı, sayğaclarla bağlı məsələlər, borc məlumatları, yeni abonent qeydiyyatı və texniki nasazlıqlarla əlaqədardır.

Müsahibədə vurğulanıb ki, şəhərin su təchizatı infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə qəza-bərpa xidməti sutkanın 24 saatı fəaliyyət göstərir. Magistral və daxili şəbəkələrdə baş verən qəzalar xüsusi texnika ilə təchiz olunmuş briqadalar tərəfindən qısa müddətdə aradan qaldırılır.

Fəxriyyə Səyyadova əlavə edib ki, hazırda SCADA sisteminin, MİS və CİS platformalarının imkanlarının genişləndirilməsi, mobil xidmətlərin inkişaf etdirilməsi və məlumat mübadiləsinin daha çevik təşkili istiqamətində yeni layihələr üzərində iş aparılır.

Qeyd edək ki, vətəndaşlar yaranan qəza, sızma və digər nasazlıqlarla bağlı Naxçıvan Şəhər Sukanal İdarəsinin 545-01-93 nömrəli yerli xəttinə və ya ADSEA-nın 955 "Qaynar Xətt" xidmətinə müraciət edə bilərlər.

Müsahibəni hazırladı:

Nəzrin Umay