Möminə Xatun türbəsinin dam örtüyü yenidən qurulur? - Müzakirə
AMEA Naxçıvan Bölməsində Möminə Xatun türbəsinin dam örtüyünün quruluşu və bərpa-konservasiya işləri ilə bağlı geniş müzakirə keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə Xatun türbəsinin bərpası və konservasiyası istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə Xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncama uyğun olaraq abidənin mövcud vəziyyətinin öyrənilməsi, ölçmə və tədqiqat işlərinin aparılması məqsədilə ilkin baxış keçirilib. Həmçinin müqaviləyə əsasən Avstriyanın [Atelier Erich Pummer GmbH](https://www.erichpummer.at?utm_source=chatgpt.com) şirkətinin mütəxəssisləri Naxçıvana gələrək layihə üzrə ilkin infrastruktur işlərinə başlayıblar.
Görüşdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Möminə Xatun türbəsinin Azərbaycan tarixində və memarlığında xüsusi yer tutduğunu vurğulayıb. O, bərpa prosesində abidənin tarixi görünüşünün və orijinallığının qorunmasının vacibliyini diqqətə çatdırıb, gələcək işlərlə bağlı təkliflərini səsləndirib.
Layihəni icra edən şirkətin rəhbəri, alman mütəxəssis Erix Pumer isə hazırlanan bərpa və konservasiya layihəsini təqdim edib. O bildirib ki, layihə abidənin tarixi xüsusiyyətlərini və beynəlxalq restavrasiya standartlarını nəzərə almaqla hazırlanıb. Erix Pumer türbənin tarixi orijinallığının qorunmasının əsas prioritet olduğunu qeyd edib.
Müzakirələr zamanı AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən müxtəlif dövrlərə aid arxiv sənədləri, tarixi materiallar və elmi araşdırmalar əsasında təkliflər səsləndirilib. Xüsusilə türbənin dam örtüyünün ilkin quruluşu ilə bağlı mövcud məlumatlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, XII əsr Azərbaycan memarlığının şah əsərlərindən hesab olunan Möminə Xatun Türbəsi üzərində aparılan bərpa və konservasiya işləri abidənin gələcək nəsillərə daha etibarlı şəkildə çatdırılmasına xidmət edir.














