Naxçıvanda doktorantura və fəlsəfə doktoru imtahanı keçiriləcək

Naxçıvanda doktorantura və fəlsəfə doktoru imtahanı keçiriləcək

24 İyun 2026

Sabah doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanlarda ümumilikdə 2 351 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1926 nəfər (1890 nəfər ingilis dili, 16 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 389 nəfər (386 nəfər ingilis dili, 2 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.

İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 23 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 182 nəzarətçi, 25 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. İmtahanda bütün bloklar üzrə toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir.